15-16 oktyabr hadisələri və məğlub müxalifət MÖVQE

Bəhruz Quliyev: "Müxalifətin xalqdan uzaq düşməsində həmin hadisələr az rol oynamayıb"
15-16 oktyabr hadisələri və məğlub müxalifət MÖVQE

Müasir Azərbaycan tarixi həm də yaddaşlarda müxalifətin qeyri-konstruktiv, barışmaz, dağıdıcı olması ilə qalıb. İndiki müxalifətin 1993-cü ildən başlayaraq siyasət meydanına bu xarakterlə gəlməsinin səbəbləri də az deyil. Ən başlıca səbəb isə bu zümrənin reallıqla barışmaq mədəniyyətinin olmamasıdır. Bunu SİA-ya 9 il öncə, 15-16 oktyabr hadisələri zamanı müxalifətin Bakının küçə və meydanlarında etdiyi qanunsuz əməllərə münasibət bildirərkən ölkənin aparıcı mətbu orqanlarından biri olan "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

Baş redaktor xüsusi olaraq qeyd edib ki, bu xarakter dağıdıcı müxalifətə məğlubiyyət acısını bu günəcən daddırıb və inanmaq olar ki, bundan sonra da həmişə bu zümrə ilə yoldaşlıq edəcək: "O dövrün müxalifətə utanc gətirəcək hadisələri sırasında olan 15-16 oktyabr hadisələri xarakterinə görə kənardan idarə olunan, bizə düşmən qüvvələrin ssenarisi əsasında həyata keçirilən bir oyun idi. Müxalifətin özü bilmirdi ki, nəyə etiraz edir. Seçkiləri bilavasitə keçirən Mərkəzi Seçki Komissiyasının ilkin açıqlamasına kəskin etiraz edən, qarşılarına keçən hər kəsi özünə düşmən bilən bir qrup müxalifət təmsilçisi armaturlarla, taxta parçaları ilə silahlanıb şəhərin küçələrinə çıxdılar. Gecə saatlarında onların azğınlığı o həddə çatdı ki, hətta mətbuat nümayəndələrinə qarşı zor tətbiq etməkdən, onları kötəkləməkdən çəkinmədilər. Həmişə demokratiyadan boş-boş danışan İsa Qəmbər öz əsabələrinə onlarla razılaşmayanlara qarşı amansız olmaq, qarşıdurmalara getmək əmri verdi. Hələ gecə ikən bütün Azərbaycana bəlli idi ki, xarici təşkilatlardan milyonlar alan İ.Qəmbər şəhər sakinlərinə, xüsusən onlarla razılaşmaq istəməyənlərə, Müsavat sədrinin "qələbəsini" qəbul etməyənlərə qarşı xüsusi amansızlıq göstərənlərə para vəd etmişdi. Bu fakt bizim əlimizdə var idi. Ona görə də bütün şəhər sakinləri onların provokasiyasına getməmək üçün təmasdan qaçırdılar. Müsavat Partiyasının önündən başlanan və şəhərdə dərəbəylik yaratmağa hesablanmış hadisələr şəhər saatlarına qədər müxtəlif küçə və meydanlarda davam etdirildi".

B.Quliyev həmin hadisələrin yaxından şahidi və zərərçəkəni kimi bildirib ki, əgər dövlət başçısının qətiyyətli addımı, asayiş keşikçilərinin təmkinli davranışı olmasaydı hadisələrin axarının hansı tərəfə istiqamət götürəcəyini söyləmək çox çətin olardı: "Hadisələr zamanı zərərçəkənlərdən biri də mənəm. Məlum məsələdir ki, "Səs" qəzeti yarandığı gündən Ulu öndər Heydər Əliyevin siyasi kursunun daim təbliğatçısı olub. Bunu dağıdıcı müxalifət nümayəndələri də bilirdi. Ona görə də yaxınlığımızda olan Müsavat Partiyasında baş verənləri diqqətlə izləyir, onların hücum hədəflərində olduğumuzu anlayırdıq. Amma onların bu qədər azğın hərəkət edəcəklərini gözləmirdik. Əvvəlcə redaksiyanı daş yağmuruna tutdular, sonra isə binanın qarşısında saxladığımız maşınları əzməyə, sındırmağa başladılar. Mənim "Volqa" QAZ-31 markalı maşınımı yararsız hala saldılar. Oradan isə "Azadlıq" meydanına doğru hərəkət etdilər. Qarşılarına keçən polislərə, digər asayiş keşikçilərinə qarşı vəhşilik törətdilər. Meydanda Daxili Qoşunlara məxsus maşınları ələ keçirib əsgərlərin üstünə sürdülər. Bir neçə əsgəri maşının təkərləri altına saldılar. Bütün bu vəhşiliklər axşamdan Mərkəzi Seçki Komissiyasında özünə lövbər salmış ABŞ-ın Azərbaycandakı o vaxtkı səfiri Rino Harnişin gözləri qarşısında baş verirdi. Amma səfir müxalifətin qanunsuz hərəkətlərini pisləmək əvəzinə bəzən susmağa, bəzən isə müəmmalı bəyanatlar verməyə üstünlük verirdi".

Bütün bu hadisələrin danılmaz fakt olduğunu deyən Baş redaktor müxalifətin indiki acınacaqlı, tənha, xalqdan uzaq düşməsində həmin hadisələrin az rol oynamadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə