Ən böyük zərbə Almaniyaya dəyəcək

Ən böyük zərbə Almaniyaya dəyəcək

Reuters Agentliyinin verdiyi xəbərə görə, İsveçin maliyyə naziri Anders Borq bildirib ki, çox güman, Yunanıstan qarşıdakı altı ayda avrozonanı tərk edəcək. Beynəlxalq Valyuta Fondunun Tokio görüşünün kuluarlarında Borq telefonla keçirilən mətbuat konfransında lazımi tədbirlərin həyata keçirilməsi sahəsində Yunanıstanın imkanlarına şübhə ilə yanaşdığını və bu ölkənin rəqabət qabiliyyətinin çox zəif olduğunu bildirib.

Məsələyə münasibət bildirən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirli SİA-ya açıqlamasında dedi ki, Yunanıstan dövlətinin avrozonanı tərk etməsi Avropa İttifaqında çox ciddi problemlərin yaşanmasına gətirib çıxaracaq: "Çünki, Avropa İttifaqının iqtisadi baxımdan iki lokomotiv dövləti var. Almaniya və Fransa. Bunlar da başlıca olaraq donor dövlətlər kimi xarakterizə olunur. Digər məqam isə onların daha çox parazit xislətli dövlətlər olmasıdır. Buna misal olaraq Yunanıstan, Portuqaliya, İspaniya və s... göstərmək olar. Yunanıstan isə faktiki olaraq həmin sırada ən ağır vəziyyətdə olan dövlətlərdən biridir. Yunanıstanın hazırki durumu və onun avrozonadan çıxması ilə bağlı məsələdə ən böyük zərbə Almaniya dövlətinə dəyə bilər. Bu tək Yunanıstanla kifayətlənməyəcək. Belə ki, bunun ardınca Portuqaliyanın, İtaliyanın avrozonadan çıxması ilə bağlı məsələnin ortalığa atılması mümkündür. Çünki həmin dövlətlərin özləri beləYunanıstandan heç də yaxşı vəziyyətdə deyillər".

Politoloq hesab edir ki, belə olan təqdirdə avrozonada baş verən bu cür çatlar tək iqtisadi mahiyyət kəsb etməyəcək, həmçinin siyasi baxımdan Avropa İttifaqına ciddi zərbə olacaq: "Nəticə etibarilə avrozonanın parçalanması sonda Valyuta İttifaqının dağılmasına gətirib çıxara bilər. Burada valyutanı bir çox hallarda "Qurumun axan qanı" adlandırırlar. Bu nöqteyi nəzərdən hesab edirəm ki, Yunanıstanın avrozonadan çıxması reallaşacağı təqdirdə bu, bütövlükdə avrozona üçün ciddi problemlərə yol açacaq və Aİ-nin gələcəyini sual altında qoyacaq. Hesab edirəm ki, bundan ən çox ziyan çəkən dövlət elə məhz Almaniya olacaq. Bir çox ekspertlər hətta indidən bunun hesabatlarını aparırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə