Elçin Mirzəbəyli: "Türkiyənin addımı tamamilə beynəlxalq hüquq normalarına uyğundur"
Cümşüd Nuriyev: "Suriya haqqında proqnoz vermək çətindir"
Türkiyədə Suriya hava yollarına məxsus təyyarənin yerə endirilməsi və təyyarədən silah-sursatın tapılması Rusiyanın Suriyadakı proseslərdə bilavasitə iştirak etdiyini sübuta yetirir. Bunu SİA-ya açıqlamasında politoloq, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib.

Baş redaktorun sözlərinə görə, Rusiya bu addımı ilə ilk növbədə özünün elan etdiyi prinsipləri, eləcə də Suriya ilə bağlı BMT-də qəbul olunan qətnamələri pozub: "Türkiyənin addımı tamamilə beynəlxalq hüquq normalarına uyğundur. İndiki şəraitdə Rusiya tərəfindən verilən bəyanatlar ziddiyyətli bəyanatlardır. O, ilk öncə bu faktı inkar etsə də sonradan bunu etiraf edib. Rusiya mətbuatında bu yüklərin Rusiyaya məxsus şirkət tərəfindən həyata keçirildiyi bildirilir. Oxşar faktlar kifayət qədərdir. Rusiyanın Bəşər Əsəd rejimini dəstəklədiyi, maliyyə yardımı göstərdiyi heç kimə sirr deyil. Onların Suriyada Sovet dövründən qalma hərbi bazası var. Suriya faktiki olaraq Rusiyanın Yaxın Şərqdəki sonuncu dayanacaqlarından biridir. Rusiyanın oxşar taktikasını digər münaqişələrdə də şahidi olmuşuq. Bu hadisələrdə də Rusiya öz maraqlarını təmin etmək üçün çalışır. Yayılan məlumatlardan biri İraqın neft yataqlarından birinin yenidən Rusiyaya verilməsi ilə bağlıdır".
Politoloq Cümşüd Nuriyev isə hesab edir ki, əslində Türkiyə burada məcburi oyunçuya çevrilib:
"Çünki NATO bütün hallarda çalışır ki, Suriya dövlətini aradan qaldırsın. Bu daha doğrusu Amerikanın (ABŞ) planıdır. "Ərəb baharı"nda da bu bir daha özünü göstərib. Rusiyanın bu işə qoşulmasında başlıca maraq ondan ibarətdir ki, Rusiya istəmir ki, diktatura rejimi yaşayan Suriyada hakimiyyət devrildikdən sonra bu növbə İrana keçsin. İkincisi, Rusiya 1995-97-ci illərdə Yeltsinin hakimiyyəti dövründə Qərbdən ona vurulan iqtisadi ziyanın heyfini çıxmağa çalışır. Məlum məsələdir ki, burada İranın da müəyyən problemləri var. Dövlətin maraqları Suriyada kəsişdiyinə görə, burada Rusiya daha önəmli rol oynamağa çalışır. Ermənistan Türkiyə münasibətlərinin gərgin olması Rusiyanın maraq dairəsindədir. Amma Rusiya burada daha çox Suriya-Türkiyə qarşıdurmasından istifadə edir. Artıq Qərb analitikləri də Suriyada III Dünya müharibəsinin başlanma ehtimalını gündəmə gətirirlər. Belə bir şəraitdə Rusiya çalışır ki, Türkiyəni hadisələrdən kənarlaşdırsın. Amma Türkiyə öz gücünə uyğun olmayan proseslərə daxil olmağa çalışır. Amma bu Türkiyənin problemi deyil. Bu Qərbin, ABŞ-ın və böyük dövlətlərin problemidir. Artıq hadisələrin gedişini proqnozlaşdırmaq belə çətindir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB