“Ermənilər çalışırlar dünya birliyini çaşdırsınlar”

“Ermənilər çalışırlar dünya birliyini çaşdırsınlar”

İlham Əliyev: "Xalqların öz müqəddəratını təyinetmə prinsipləri ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir"

Azərbaycan beynəlxalq arenada böyük uğurlar əldə edib. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.

Onun sözlərinə görə, ölkəmiz BMT Təhlükəsizlik Şurasının iclaslarında fəal iştirak edir, prinsipial mövqe nümayiş etdirir: "Keçən ilin oktyabr ayında, - artıq bir il keçir, - biz Təhlükəsizlik Şurasına üzv olduqda, mən o vaxt xalqa müraciətimdə demişdim ki, biz bu qurumda ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik və bu sözə həmişə olduğu kimi, əməl edirik. Bizim mövqeyimiz böyük rəğbətlə və böyük hörmətlə qarşılanır. Çünki bir daha demək istəyirəm ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edirik. Eyni zamanda, seçkilər zamanı bizə göstərilən dəstək artıq özünü digər formatlarda büruzə verir. Bildiyiniz kimi, Azərbaycanın namizədliyini 155 ölkə dəstəkləyib. Bu yaxınlarda Qoşulmama Hərəkatının zirvə görüşündə 120 ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair qətnamə qəbul edib. Bu, bizim növbəti böyük diplomatik uğurumuz, Ermənistanın növbəti məğlubiyyətidir. Çünki 120 ölkə dünya ictimaiyyətinin əksəriyyətini təşkil edir. Dünyada 200-dən bir qədər çox ölkə var. Bunlardan 120-si ərazi bütövlüyümüzü dəstəkləyir, münaqişənin həllini yalnız bu prinsiplər əsasında görür".

"Əgər biz NATO-nun Çikaqo sammitinin qərarlarını, bəyannamələrini nəzərə alsaq, - təbii ki, NATO-ya üzv olan ölkələr Qoşulmama Hərəkatının üzvü ola bilməz, - orada da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həll olunması açıq şəkildə vurğulanmışdır. Bu da ermənilərin növbəti məğlubiyyəti, bizim növbəti uğurumuzdur. Yəni, dünya birliyinin dörddə üç hissəsi məsələnin həllini yalnız ərazi bütövlüyü prinsipi əsasında görür. Əlbəttə, bu, çox ədalətli mövqedir və məsələnin həlli üçün başqa mövqe, başqa variant ola bilməz", - dövlət başçısı deyib.

Prezident İlham Əliyev rəsmi İrəvanın tez-tez istinad etdiyi prinsipi də xatırladıb: "O ki qaldı xalqların müqəddəratını təyinetmə prinsiplərinə, ermənilər çalışırlar dünya birliyini çaşdırsınlar, artıq dediyim qərarlar və bəyannamələr bütün bu yalan təbliğatını alt-üst edir. Xalqların öz müqəddəratını təyinetmə prinsipləri ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Helsinki Yekun Aktının sənədlərində məsələ məhz belə qoyulub. Ona görə, bütün bu növbəti diplomatik uğurlar, siyasi qələbələr, Ermənistan üzrə mütləq qələbəmiz bizi daha da ruhlandırır və məsələnin həllinə yaxınlaşdırır".

Bütün xəbərlər Facebook səhifəmizdə