M.Əhmədoğlu: "BMT Dağlıq Qarabağ münaqişəsini həll edə bilər"

M.Əhmədoğlu: "BMT Dağlıq Qarabağ münaqişəsini həll edə bilər"

"Yalnız BMT Dağlıq Qarabağ münaqişəsini tənzimləyə bilər".

SİA-nın məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlunun sözlərinə görə, Ermənistan ATƏT-in Minsk qrupunun konsensus mexanizmi ilə işləməsindən sui-istifadə edir: "Rusiya, Fransa və ABŞ öz vasitəçiliklərini ATƏT-də dayandırıb, BMT formatında davam etdirməlidirlər. Dağlıq Qarabağ münaqişəsinin praktiki tənzimləməsinə imkan verən, "Böyük Sülh Müqaviləsi" imzalandıqdan sonra ilk addım kimi snayperlərin geri çəkilməsinə baxmaq olar. Vasitəçiliyin ATƏT formatından BMT formatına keçirilməsi dinc tənzimləməyə ümid yaratmaqla müharibənin qarşısını ala bilər"

Politoloq eyni zamanda qeyd edib ki, BMT Baş Assambleyası müstəvisində Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə həm Ermənistan, həm də Azərbaycanın XİN rəhbərlərinin iştirak etməsi Ermənistanın Azərbaycandan qaçmasının yalnız Qarabağ məsələsinə aid olduğunu aşkarladı. Ramil Səfərov məsələsi Edvard Nalbandyana BMT BA-da Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına aid məsələləri azərbaycanlı həmkarı ilə birlikdə müzakirə etməyə maneçilik etmədi.

"Bu bir daha sübut edir ki, Ermənistanın bütün dərdi yalnız Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində iştirakdan imtina etməkdir. Ermənilər çalışır ki, tənzimləmədən yayınmaqdakı günahı başqa tərəfin üstünə qoysunlar" - deyə, M. Əhmədoğlu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə