Diplomatlarımızın müşavirəsi keçiriləcək

Diplomatlarımızın müşavirəsi keçiriləcək

Bu gün Bakıda Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarının rəhbərlərinin 4-cü müşavirəsi keçiriləcək. Prezident İlham Əliyevin iştirakı ilə baş tutacaq toplantı çərçivəsində "Qlobal siyasi tendensiyalar və onların regiona təsiri" mövzusunda müzakirələr aparılacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın 55-ə yaxın ölkədə 70-dən artıq diplomatik nümayəndəlyi fəaliyyət göstərir. Xaricdəki Azərbaycan diplomatlarının müşavirəsi isə 2004-cü ildən keçirilir. Sonuncu belə toplantı 2008-ci ildə olub və həmin müşavirədə prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycanın xarici siyasəti hücum xarakterli olmalıdır: "Azərbaycana qarşı erməni lobbisi tərəfindən aparılan siyasət davam etdirilir. Bu fəaliyyət heç vaxt dayanmayacaq. Buna hazır olmalıyıq və hazırıq. Mən bir də demək istəyirəm ki, bütün istiqamətlərdə hücum taktikasını rəhbər tutmalıyıq və bu taktika öz bəhrələrini verməkdədir".

Politoloq R.Musabəyov hesab edir ki, həmin dövrdən bu yana Azərbaycan xarici siyasət stategiyasının həyata keçirilməsində uğurlu addımlar atır və diplomatik mövqeyini gücləndirir: "Azərbaycan hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Bu dövrdə Azərbaycana səfər edən yüksək səviyyəli şəxslər və keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin sayı Ermənistan və Gürcüstandan bir neçə dəfə çoxdur. Bununla belə, Azərbaycanın baş problemi olan Qarabağ münaqişəsi ilə bağlı diplomatik uğur əldə edilməyib".

Politoloq Rasim Musabəyovun sözlərinə görə, bu məsələdə hələ də diplomatik uğurdan danışmaq olmaz. "Bu bizim yaralı yerimizdir, amma indi hətta ermənipərəst ölkələr də Azərbaycanın mövqeyi ilə hesablaşmağa məcburdur" deyən politoloqun fikrincə, Azərbaycanın mövcud potensialı imkan verir ki, beynəlxalq aləmdə öz diplomatik mövqeyini daha da gücləndirsin.

Bütün xəbərlər Facebook səhifəmizdə