Politoloq: "Ermənilərin qaldırdığı hay-küy sadəcə boş xülyalardır"
Politoloq Əziz Əlibəylinin SİA-ya müsahibəsi
- Son günlər Ramil Səfərovun azad edilməsindən sonra Azərbaycana qarşı təhdidlər artıb. Hətta Ermənistanın terror təşkilatı olan ASALA Azərbaycanın diplomatik korpuslarına təhdid dolu məktub göndərib. Sizcə, bütün bunlar Azərbaycan üçün nə dərəcədə təhlükəlidir?
- Azərbaycan diplomatiyası son günlərdə çox böyük uğura imza atdı. Ramil Səfərovun Azərbaycana ekstradisiya olunması Ermənistanla davam edən savaşın qırılma nöqtəsi idi. Bu baxımdan da Ermənistanın son dövrlərdə göstərdiyi narahatlıqlar, beynəlxalq səviyyədə yaratdığı ajortajlar gözlənilən idi. Bu daxili cəmiyyət üçün hesablanmış bir addımdır və qarşı tərəf beynəlxalq münasibətlərə yenilik gətirmək, özünü göstərmək hesabına məhz bu ajortajı yaradır. Ramil Səfərovun Azərbaycana ekstradisiya olunmasını ASALA və Ermənistan məğlubiyyət hesab edir. Faktiki olaraq dünya da bunu belə qəbul etdi. Bu gün ASALA-nın diplomatik korpusun nümayəndələri, Ramil Səfərovla bağlı verdiyi bəyanatlar ona əsaslanır ki, ASALA-nın keçmişdə törətdiyi faktlar yada düşsün. Bununla da beynəlxalq təşkilatın Avropanın və bir çox türk ölkələrinin diplomatlarıma qarşı həyata keçirdiyi həmin terror aktının təkrarlana biləcəyi ehtimalı ortaya qoyulmuş olur. ASALA terror təşkilatı kimi son dövrlərdə çox zəifləyib. Lakin buna baxmayaraq, azərbaycanlılar kifayət qədər ehtiyatlı olmalıdırlar. Hazırda Ermənistan cəmiyyətində türk dünyasına qarşı anti-təbliğat gedir, türklərə qarşı nifrətləri artıb. Serj Sarkisyan hakimiyyəti ASALA ilə əlaqəli şəkildə Ermənistan hakimiyyətini hakimiyyətdə saxlamaq və erməni xalqını sakitləşdirmək məqsədilə bu cür bəyanatlarla çıxış edir. Hesab edirəm ki, bu bəyanatlardan qorxmaq lazım deyil. Artıq dünyada da başa düşürlər ki, Azərbaycanın mövqeyi düzgün, beynəlxalq hüquqi baxımdanda başa düşüləndir. ASALA-nın bu cür bəyanatlarına yəqinki hələ tez-tez rast gələcəyik.
- Ötən gün Avropa Parlamenti Ramil Səfərovla bağlı qətnamə qəbul etdi və burada Azərbaycan bir sıra təkliflər irəli sürülüb. Sizin fikrinizcə, Ramil Səfərovun əfv edilməsi niyə beynəlxalq təşkilatlar və xarici dövlətlər tərəfindən belə ajortajla qarşılanıb?
- Beynəlxalq təşkilatlar tərəfindən Ramilin qayıtması ilə bağlı yarananı ajortaj hesab etmək olmaz. Çünki Avropada ermənilərin güclü lobbiləri var, Avropa ölkələrində erməni təmsilçilər çoxdur. Seçkilərə müdaxilə edib istədikləri insanı seçə bilirlər. Həm ABŞ, həm də Fransada keçirilən seçkilərdə ermənilər namizədlik irəli sürən şəxslərlə çox böyük proqramlar həyata keçirirlər. Beynəlxalq təşkilatların əksəriyyətinin yerləşdiyi Avropa və Amerika kimi dövlətlərdə onların mövqeyi danılmazdır. Lakin beynəlxalq təşkilatlar sadəcə bəyanat verməklə kifayətlənəcəklər. Bu da ermənilərin çığırtısını kəsmək üçün həyata keçirilir. Onların bu hərəkətindən ciddi bir şey gözləmək lazım deyil. Avropanın hegomon dövlətlərində də Azərbaycanla bağlı dəstək kampaniyaları genişlənməkdədir. Hazırda Londonda və Berlində Azərbaycanın haqlı mövqeyilə bağlı lordların bəyanatını eşitdik. Hüquqi baxımdan məsələdə Azərbaycan haqlıdır. Azərbaycanı günahlandırmaq mümkün olmayacaq.
- Bir neçə illər öncə Fransada əfv edilən erməni terrorçu aeroportdan düşməmiş Ermənistan prezidenti tərəfindən əfv edildi və vətəndaşlığa qəbul edildi. Belə olduğu halda Ramil Səfərovun məsələsinə belə münasibət bəsləməklə Ermənistan nələri söyləmək istəyir?
- Ramil Səfərovun Azərbaycana gətirilməsi 1983-cü ildə qəbul olunmuş məhkumların ekstradisiyası ilə bağlı huquqi qanunlara uyğundur. Macar tərəfi bu yaxınlarda bəyanat verərək qeyd etdi ki, Ramilin Azərbaycana ekstradisiyasına biz razılıq verdik. Onun prezident tərəfindən əfv olunması düzgündür. Hüquqi baxımdan çox dəqiq addımdır. Ermənistanın ortaya qoyduğu mövqe dərinə gedəndə gülünc görsənir. Azərbaycana qarşı Qarabağda davam edən ermənilərin həyata keçirdikləri soyqırımın gedişində bir çox Avropada yaşayan ermənilər faktiki olaraq həbsxanalardan buraxıldı və milli qəhrəman kimi qarşılandı. Ermənistan ASALA-nın inqilabi hərəkatının yaradıcısı olan tanınmış terrorçu Monte Merikuryan bir sıra terror əməliyyatlarında əli olduğuna görə həbsə düşüb. Məhkəmə hökmü ilə o uzun müddətli cəzaya məhkum olundu. Lakin təxmini 2-3 ildən sonra o azadlığa buraxıldı və bu da azmış kimi Ermənistana ekstradisiya olundu.
Ramil Səfərov isə bayrağı təhqir olunduğu üçün ermənini qətlə yetirdi. Təbii ki, bir insanın atributları təhqir olunursa, əgər onun torpaqları işğal altındadırsa, ermənilər tərəfindən işğal olunubsa və gözünün qarşısında bayrağı təhqir edirdilərsə, onun başqa cavabı nə ola bilərdi?
Ramil Səfərovun bu hərəkəti 8 illik cəza qarşılığı ilə ödənildi. Əgər bu gün Azərbaycan Ramil Səfərovu ölkəmizə qaytarıbsa, bu beynəlxalq hüququn prinsiplərinə əsasən həyata keçirilib. Heçnə qeyri-qanuni şəkildə ola bilməz. Məsələyə məhz bu prizmadan yanaşmaq lazımdır. Azərbaycan və Macarıstan arasında qarşılıqlı şəkildə danışılaraq Ramil Səfərov Azərbaycana gətrildi. Onun əfv edilməsi isə yalnız prezidentə məxsus idi. Prezident İlham Əliyev də bu səlahiyyətindən istifadə edərək onu əfv etdi. Ermənilərin bundan sonra da qaldırdığı hay-küy sadəcə boş xülyalardır. Bunlara inanmaq lazım deyil. Azərbaycan isə bundan sonra öz siyasi uğurları ilə davam etməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB