Silahlı Qüvvələr Günü Vyanada qeyd olunub

Avstriyanın paytaxtı Vyanada Silahlı Qüvvələrin yaradılmasının 94-cü ildönümünə həsr olunan rəsmi ziyafət təşkil edilib. SİA-nın xəbərinə görə, Azərbaycanın Avstriyadakı səfirliyində keçirilən mərasimdə Avstriya Müdafiə Nazirliyinin rəsmiləri, Avstriya Parlamentinin nümayəndələri, Slovakiya Müdafiə Nazirliyinin rəsmi şəxsləri, Azərbaycan ilə sıx əməkdaşlıq edən bir sıra dövlətlərin səfirləri, Avstriyada akkreditə olunmuş digər ölkələrin hərbi attaşeləri və digər nümayəndələr iştirak ediblər.


Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov Azərbaycan Silahlı Qüvvələrinin yaranması tarixindən, müstəqilliyin bərpa olunmasından sonrakı ilk dövrlərdə çətin ordu quruculuğundan danışıb, hazırda isə ölkənin suverenliyini tam təmin etməyə qadir güclü ordunun mövcud olduğunu bildirib. O qeyd edib ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin üzərinə tarixi bir öhdəlik düşür.


Azərbaycanın Avstriyadakı səfirliyinin nəzdində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nümayəndəsi, polkovnik-leytenant Kamil Quliyev Silahlı Qüvvələrimizin yaranma tarixi, keçdiyi şanlı yol və hazırkı inkişafı barədə çıxış edib, ölkəmizdə güclü ordu quruculuğu ilə yanaşı, hərbi sənayenin də inkişaf etdiyini diqqətə çatdırıb.


Mərasimdə Silahlı Qüvvələrimizə həsr olunmuş videoçarxlar nümayiş etdirilib və tədbirin sonunadək Azərbaycanın hərbi marşları səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə