Millət vəkili Cənubi Afrikanın nümayəndə heyəti ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Yunanıstanın paytaxtı Afinada keçirilən Dünya Qadın Sammiti çərçivəsində Cənubi Afrikanın Əmək və Sənaye nazirinin müavini Elizabet Thabethenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın məlumatına görə, görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanın bütün istiqamətlərdə Cənubi Afrika ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyib. Müzakirələr zamanı millət vəkili onlara Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Millət vəkili onlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva sammit çərçivəsində keçirilən görüş zamanı Cənubi Afrika nümayəndə heyəti üzvlərinə 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. Millət vəkili nümayəndə heyətinə Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib.

Millət vəkili Qənirə Paşayeva Cənubi Afrika nümayəndə heyətinə Azərbaycanın iqtisadi potensialı, mədəniyyəti ilə bağlı da məlumatlar verib və onları Azərbaycana dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə