“Sərhəd” hərbi-idman oyununun final mərhələsinə start verildi-YENİLƏNİB

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mərdəkan qəsəbəsindəki xüsusi məktəbində DSX və Gənclər və İdman Nazirliyi nümayəndələrinin iştirakı ilə Sərhəd hərbi-idman oyununun final mərhələsinin rəsmi açılışı olub. SİA-nın məlumatına görə, açılış mərasimində ilk olaraq çıxış edən Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor Məhəmməd Abbasquliyev sərhəd zastavalarında xidmət edən sərhədçilərin yerli əhali ilə sıx münasibətdə olmasının sərhədlərimizin mühafizə işinə özünəməxsus müsbət təsir etdiyini qeyd edib. O, həmçinin Ulu öndər Heydər Əliyevin sərhədçi peşəsi haqda söylədiyi - "Bu gün çalışmalıyıq ki, sərhədçi peşəsini yaşadaq və inkişaf etdirək. Bu peşə hər bir gənc, yeniyetmə azərbaycanlıda iftixar hissi doğursun" fikirlərini bir daha səsləndirib.

Daha sonra çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev həlledici mərhələyə vəsiqə qazanan komandaları təbrik edib. O, keçiriləcək yarışın gənclərin həyatında xüsusi önəm daşıdığını və gənclərin vətənpərvərlik ruhunda böyüməsində xüsusi rolu olduğunu vurğulayıb. Bundan başqa, İntiqam Babayev qeyd edib ki, bu gün hərbi vətənpərvərlik yarışları gənclərin milli ruhda tərbiyə olunmasına böyük dəstək verir.

Məlumat üçün bildirək ki, Dövlət Sərhəd Xidmətinin Mərdəkan qəsəbəsindəki xüsusi məktəbində keçirilən yarış iyunun 4-dən 12-dək davam edəcək. Həlledici mərhələdə Naxçıvan şəhərindəki 2 nömrəli tam orta məktəbin, Horadiz şəhərindəki 1 nömrəli orta məktəbin, Cəlilabad rayon Ləkin, Lerik rayonun Hamarmeşə, Qusar rayon Şirvanovka, Şəkinin Şin, Qax rayonun Cəlayir və Ağstafa rayonun Böyük-Kəsik kənd orta məktəblərinin komandaları mübarizə aparacaq.

Onu da əlavə edək ki, son mərhələdə komandalar "Sıra hazırlığı", "Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili", Avtomatın sökülməsi və yığılması", Tüfəngdən hədəfə atəş açmaq", "Maskalanma", "Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyyəsi" və "Ləpirçilik" mərhələlərində öz bacarıqlarını nümayiş etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə