“Akkord” Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı bəyanat verib - FOTO
Mayın 8-də "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin kollektivi Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğal edilməsinin 20-ci ildönümü ilə əlaqədar konfrans keçirib. SİA-ya şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ASC rəhbərliyinin və işçi heyəti nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın bu qədim şəhərinin işğaldan bəri məruz qaldığı dözülməz vəziyyətə, Şuşa sakinlərinin bu illər ərzində yaşadığı məhrumiyyətlərə, dünya birliyinin məsələyə münasibətinə həsr olunub.
Tədbiri giriş sözü ilə açan "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin İdarə Heyətinin üzvü Xəyal Məmmədxanlı daha sonra sözü çıxışçılara verib. "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin İdarə Heyətinin üzvü Elçin İsayev öz çıxışında erməni millətçilərinin xalqımıza qarşı yürütdüyü düşmənçilik siyasətinin tarixindən danışıb. İki əsrdən artıq bir dövr ərzində bu siyasətin dünya birliyi tərəfindən lazımi qiymətini almadığını vurğulayan natiq yalnız Azərbaycanın müstəqillik əldə etdikdən sonra bu istiqamətdə müəyyən işlər görə bildiyini deyib. Zaman ötdükcə aparılan bu işlər sayəsində məkrli erməni xislətinin daha çox gün işığına çıxarıldığını bildirən Elçin İsayev bu gün bu istiqamətdə müstəsna fəaliyyətlər göstərən dövlət və hökumətimizin ətrafında daha sıx birləşməyin vacibliyini vurğulayıb.
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Afaq Quliyeva isə, öz çıxışında bu fikri davam etdirərək, Korporasiyanın müvafiq siyasətin dəstəklənməsi işində göstərdiyi fəaliyyətlərdən, erməni zülmündən nəsibini almış məcburi köçkün və qaçqınlara münasibətdə həyata keçirilən sosial-xeyriyyəçilik tədbirlərindən danışıb. O, həmçinin qeyd edib ki, bu diqqət və qayğının nəticəsi olaraq bu gün Korporasiyada təkcə Azərbaycanın işğal olunmuş bölgələrindən olan 223 qaçqın və məcburi köçkün işlə təmin olunub. Onlardan 11 nəfəri məhz Şuşa rayonunun, 6 nəfəri isə, bilavasitə Şuşa şəhərinin sakinləridir. Bundan başqa, Qarabağ müharibəsi zamanı vətənimizin müdafiəsi uğrunda döyüşmüş 48 müharibə veteranı da bu gün "Akkord" ailəsinin sıralarında çalışır.
Bundan sonra aparıcı sözü Şuşa sakini, Korporasiyanın İnsan Resursları Departamentində çalışan Xəyyam Ağazadəyə verib. Özü və yaxınlarının simasında Şuşaş sakinlərinin bu gün yaşadığı dərin nisgildən söz açan Ağazadənin çıxışı konfrans iştirakçılarında dərin təəssürat buraxıb.
Konfransda çıxışlar dinlənildikdən sonra Şuşa şəhəri ilə bağlı sənədli film nümayiş etdirilib.
Tədbirin sonunda "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin YAP özək təşkilatının katibi Bəhruz Əliyev konfransın yekunu olaraq Korporasiya kollektivinin Şuşa şəhərinin işğalının 20-ci ildönümü ilə bağlı beynəlxalq təşkilatlara, siyasətçilərə, səfirlərə və ictimai xadimlərə ünvanlanmış bəyanatını oxuyub və tədbir sona çatıb.
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin rəhbər və işçi kollektivinin Şuşa şəhərinin erməni qəsbkarları tərəfindən işğalının 20 illiyi münasibətilə keçirdiyi konfransda beynəlxalq təşkilatlara, siyasətçilərə, səfirlərə və ictimai xadimlərə ünvanlanmış
BƏYANATI
Biz, 20 ildir ki, ata-baba torpaqları erməni qəsbkarları tərəfindən işğal edilmiş, bir milyon həmvətəni öz doğma yurd-yuvasından didərgin salınmış, minlərlə övladı şəhid edilmiş bir xalqın övladları, məruz qaldığı tarixi ədalətsizliyə rəğmən sülhpərvərliyini, haqqa, həqiqətin qələbə çalacağı günə inamını itirmədən qurub-yaratmaq əzmini meydana qoymuş, sıralarında 4000-ə yaxın Azərbaycan vətəndaşını birləşdirən bir Azərbaycan şirkəti olaraq sizə müraciət edirik.
Düz iyirmi ildir ki, bizim xalqımız erməni işğalından, öz havadarlarının əlində alətə çevrilərək xalqımızın qanına susayan erməni millətçilərinin sərsəm və qanlı siyasətindən əziyyət çəkir, ata-baba torpaqlarımız düşmən tapdağı altında inləyir.
İyirmi ildir ki, Azərbaycan adlı vətənin ən qədim və əzəli torpağı olan Qarabağ adlı can parçası erməni faşizminin qanlı caynağında əsir həyatı yaşayır. Və iyirmi ildir ki, Qarabağın ən gözəl incisi, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının beşiyi olan Şuşa şəhəri bu zülmün bir simvolu kimi, erməni işğalının faciəvi nəticələrini öz köksündə yaşadır.
1992-ci il may ayının 8-də erməni qəsbkarları tərəfindən ələ keçirilən Şuşa bu gün dünyanın heyran qaldığı muğam sənətinin, xalçaçılıq, sənətkarlıq əsərlərinin tarixi beşiyi olmaqla yanaşı, hər bir azərbaycanlı üçün bir mədəniyyət məbədi, iftixar mənbəyidir. İşğal altında olduğu iyirmi il ərzində erməni vandalları tərəfindən sözün əsl mənasında dağıdılıb məhv edilən, Azərbaycan xalqının ən qədim tarixinin izlərini daşıyan bütün mədəniyyət abidələrinin yer üzündən silinməsinə çalışan ermənilər tərəfindən simasına min cür yaralar vurulan, kitabxanaları, muzeyləri, tarixi sarayları, dini ocaqları yandırılan, talan edilən bu şəhər hələ də özünün həqiqi sakinlərinin üzünə həsrət qalıb. Bu şəhərin canlı insanları kimi güllələnən heykəlləri isə, Şuşanın didərgin salınmış sakinləri kimi hələ də öz halal yurd-yuvasına dönəcəyi günləri gözləməkdədir.
Bu gün istər Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən qərar və qətnamələrdə, istərsə də dünyanın bu məsələdə haqqa və ədalətə söykənən ictimai qurumlarının qətnamə və bəyanatlarında erməni millətçilərinin Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti öz həqiqi qiymətini almaqda, tarixi ədalətsizliyə qarşı haqq səsi daha ucadan eşidilməkdədir. Lakin bəzən erməni qəsbkarlarının tarixən yalana, şər və böhtana söykənən məkrli siyasəti, bəzən bu məsələdə prinsipiallıq nümayiş etdirməli olan dövlət, qurum və təşkilatların müəyyən maraqlara xidmət edən ikili yanaşma siyasəti səbəbindən Ermənistanın Azərbaycana qarşı işğalçılıq niyyətlərini açıq şəkildə ortaya qoyan bir çox mətləblər arxa plana atılır, beynəlxalq hüququn norma və prinsiplərinə göz yumulur və bir xalqa qarşı edilmiş ən qəddar ədalətsizlik öz həqiqi qiymətini almadan varlığını sürdürür.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğal edildiyi 20 il əvvəlki tarix XX əsrin ən keşməkeşli və qarışıq bir dövrünü əhatə edir. Bu və bundan sonrakı on illər ərzində xalqımıza qarşı yönəlmiş tarixi ədalətsizliyin lazımi qiyməti almaması nə qədər acınacaqlı olsa da, biz hər zaman haqqın nazilsə də üzülməyəcəyinə, həqiqətin hər zaman yalan və hiylə üzərində qələbə çalacağına inanmışıq. Bu gün, bəşəriyyət tarixinin indiyədək görünməyən bir sürətlə dünyanın ümid dolu gələcəyinə addımladığı XXI əsrdə tarixin bir çox qara səhifələri aydınlığa çıxarılır, nəhayət ki, bütün dünyada ədalətin zəfər çalması üçün dünya miqyasında ağlasığmaz həcmlərdə işlər aparılır.
Və bu gün belə bir tarixi məqamda biz, 20 il ərzində Ermənistan adlı bir dövlətin, kin və nifrət duyğuları ilə qidalanan bir millətin qəsbkar siyasətindən, işğalçılıq niyyətlərindən, faşizm ideologiyalı sərsəm xülyalarından əziyyət çəkən, övladları yalnız azərbaycanlı olduğu üçün qətlə yetirilən, asılan, soyulan, yandırılan bir xalqın övladları olaraq sizə - dünyada sabitliyin, sülhün, ədalətin, haqqın bərqərar olması missiyasını öz üzərinə götürən təşkilatlara və qurumlara, bu yolda əmək sərf edən siyasətçilərə, səfirlərə və nəhayət sadəcə, vicdanlı insanlara müraciət edirik:
Biz Ermənistan dövləti və onun faşizm ideyaları ilə zəhərlənmiş siyasi ünsürlərinin xalqımıza qarşı həyata keçirdiyi işğalçılıq siyasətini qəti şəkildə rədd edir, bu siyasəti həyata keçirənlərin bütün beynəlxalq qurum və təşkilatlar tərəfindən birmənalı şəkildə təcrid edilməsini tələb edirik;
Biz 20 ildən bəri işğal altında olan ata-baba yurdlarımızın erməni işğalından azad olunması üçün sizlərin ədalətli və qətiyyətli mövqe nümayiş etdirmənizi tələb edir və bunu sizdən tam haqla gözləyirik;
Biz qayəsi işğal, terror, cinayət olan, insanlığa qarşı ağlasığmaz vəhşiliklər törətmiş bütün rejimlərin, üsul-idarələrin və qurumların beynəlxalq hüquq və prinsiplər çərçivəsində ən sərt formada cəzalandırılmasını və ədalətin bərqərar olmasını tələb edirik;
Biz öz yurd-yuvasından didərgin düşmüş bütün həmvətənlərimizin doğulub-böyüdükləri, ata-babalarının məskən saldığı, yaşadığı torpaqlara qaytarılması və həmin torpaqlarda azad, sülh içərisində yaşamasının təmini üçün sizlərin dəstəyinizi gözləyir və bəşəriyyətin taleyüklü məsələlərinin həllini özünə amal etmiş təşkilat, qurum, birlik və ən əsası, insanlar olaraq sizlərin hər birinizdən ədalət tələb edirik.
Bu bizim, tarixi ədalətsizliklə üz-üzə qalmış azərbaycanlıların haqqıdır.
Biz Sizə güvənir və ədalətin tezliklə zəfər çalacağına inanırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB