Ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov İçəri Şəhərdə olub. Nazirlər Kabineti yanında "İçərişəhər"Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən SİA-ya verilən məlumata görə, qonağı qarşılayan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İçəri Şəhərə göstərdiyi diqqət və qayğısı barədə məlumat verib, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İçəri Şəhərin qorunmasında rolu barədə danışıb.
Qonağın Bakının qədim hissəsi ilə tanışlığı YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmiş Bakının simvolu əzəmətli Qız Qalası abidəsinin qeyri adi memarlıq özəllikləri barədə dolğun məlumat verilməsi ilə başlayıb və yaxınlıqdakı Sıratağlı dini memarlıq kompleksinin ərazisindəki ekpozisiya ilə tanışlıqla davam edib.
Bolqarıstan Respublikasının Baş naziri Qədim Bakının ticarət əlaqələrindən xəbər verən karvansaralardan biri olan XV əsrin yadigarı Buxara karvansarasında olmuş, ona karvansaralar və onların təyinatı barədə informasiya verilib.
Gəzinti elektromobillərlə davam etmiş, Kiçik Qala küçəsində cənab Borisov Azərbaycan milli mətbəxinin ləziz nümunəsi olan təndir çörəyinin dadına baxıb.
Daha sonra nadir memarlıq incisi olan "Şirvanşahlar Sarayı Kompleksi" ndə olan qonağa Azərbaycanın qədim dövlətçilik tarixi və kompleksin inşaat-memarlıq xüsusiyyətləri ilə bağlı ətraflı məlumat verilib.
Baş nazir İçəri Şəhər ərazisində dünya əhəmiyyətli üç abidədən biri olan Məhəmməd Məscidində olub və burada aparılmış muzey konservasiyası işləri barədə məlumat qonağın diqqətinə çatdırılıb.
Sonda Bolqarıstan Respublikasının Baş naziri cənab Boyko Borisov Kiçik Karvansara abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – "İncəsənət Bağı"nda rəssamlar tərəfindən müxtəlif üslublarda hazırlanmış hücrələrə tamaşa edib və İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB