Milli Məclisin bir qrup üzvü Rumıniyada rəsmi səfərdə olub - FOTO

Milli Məclisin bir qrup üzvü Rumıniyada rəsmi səfərdə olub - FOTO

Rumıniya Parlamentində Rumıniya-Azərbaycan Dostluq Qrupunun dəvəti ilə AR Milli Məclisində Azərbaycan-Rumıniya parlamentlər arası İşçi Qrupunun üzvləri, millət vəkilləri Azay Quliyev, Elton Məmmədov və Musa Quliyev 22-25 aprel 2012-ci il tarixlərində Rumıniyada rəsmi səfərdə olub.

SİA-ya verilən məlumata görə, səfərin ilk günündə nümayəndə heyəti Buxarest şəhərindəki Tey Parkı-Heydər Əliyev xiyabanını ziyarət edib, Ümummilli liderin büstü önünə əklil qoyublar. Daha sonra Azərbaycanlı millət vəkilləri Rumıniya Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, Rumıniya Parlamentinin rəhbərliyi, Azərbaycan-Rumıniya Dostluq Qrupunun üzvləri, senatorlar və deputatlar palatasının müxtəlif komitələrində, eyni zamanda Rumıniyanın Avropa Parlamenti, ATƏT, QDİƏT, NATO və s. beynəlxalq təşkilatlardakı nümayəndə heyətinin üzvləri ilə görüşlər keçirilib.

Görüşlər zamanı tərəflər iki ölkə arasında səmimi dostluq və strateji tərəfdaşlıq əlaqələrini xüsusilə vurğulayaraq 2011-ci ilin aprel ayında Rumıniya Prezidenti Trayan Baseskunun Azərbaycana rəsmi səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının həyata keçirilməsi istiqamətində parlamentarilərin rolunu müzakirə ediblər. Azərbaycan nümayəndə heyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri, Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasəti ilə bağlı ətraflı məlumat verib, münaqişənin beynəlxalq hüququn müvafiq normaları, ölkələrin ərazi bütövlüyü, suverenliliyi və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə həlli ilə bağlı Rumıniya dövlətinin birmənalı və qətiyyətli mövqeyindən məmnunluq ifadə etmişlər. Eyni zamanda, iki ölkə arasında, siyasi və təhlükəsizlik sahəsində mövcud yüksək səviyyəli tərəfdaşlıqdan yararlanaraq, iqtisadi-ticari və qarşılıqlı sərmayə qoyuluşunun genişləndirilməsinə hərtərəfli dəstəyin verilməsinin zəruriliyi vurğulanmışır.

Rumıniya tərəfi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rolunu qeyd edib, Nabukko və AGRİ layihələrinin uğurla reallaşması üçün ölkəmizin verdiyi əməli dəstəyə görə təşəkkürünü bildirib. Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn müvafiq normaları, ölkələrin ərazi bütövlüyü, suverenliliyi və sərhədlərin toxunulmazlığı prinsipi əsasında həllinə dair Rumıniyanın mövqeyinin dəyişmədiyini bildirən Rumıniya tərəfi bundan sonra da dostluq və strateji tərəfdaşlıq ruhuna sadiq qalaraq, bu mövqeyin beynəlxalq təşkilatlar, o cümlədən NATO və Avropa İttifaqı çərçivəsində təbliğ edəcəyini əminliklə vurğulayıb.

Növbəti gün AR Prezidenti yanında QHT-lərə dövlət dəstəyi Milli Şurasının sədri Azay Quliyev baş qərargahı Buxarestdə yerləşən Qara dəniz -Xəzər dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə beynəlxalq fondda Rumıniyanın aparıcı QHT nümayəndələri, o cümlədən Rumıniya QHT-lər Federasiyası, Alman Marşal Fondunun Qara dəniz regional əməkdaşlığı təşkilatı, Qara dəniz QHT Forumu, münaqişələrin qarşısının alınması və erkən məlumatlandırma və s. təmsilçiləri ilə görüş keçirib. Görüşdə millət vəkili Azərbaycanda QHT-lərin inkişafına dövlət tərəfindən verilən dəstək və bu xüsusda şuranın fəaliyyəti haqda geniş məlumat verib. Təqdimatdan sonra tədbir iştirakçıları Azərbaycandakı QHT-lərlə müvafiq sahələrdə əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparıblar.

Qeyd edək ki, səfər zamanı azərbaycanlı millət vəkilləri Rumıniyadakı Azərbaycan icmasının və təşkilatlarının nümayəndələri ilə görüşüb, xaricdə yaşayan həmyerlilərimizin yerli cəmiyyətə inteqrasiya olunması, həmçinin dövlətçilik və milli maraqların təmin olunması məqsədilə diaspora fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı öz tövsiyələrini veriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə