Tahir Kərimli: “Dünyanın heç bir yerində əmanətlər birə-bir qaytarılmır” - MÖVQE

Tahir Kərimli: “Dünyanın heç bir yerində əmanətlər birə-bir qaytarılmır” - MÖVQE

Müxalifətin sabah keçirəcəyi mitinq də sıradan bir mitinq olaraq yadda qalacaq. Bundan əvvəl də gənclərin mitinqi oldu. Həmin mitinqdə də heç bir kütləviliyə nail olunmadı. Bunu SİA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

Partiya sədrinin sözlərinə görə, hazırda radikal düşərgənin üzvləri arzu etdikləri şeyləri reallıq kimi qələmə verməyə çalışırlar: "Bu onların arzusu olaraq qalır və heç vaxtda buna nail ola bilməyəcəklər. Onların əmanətlərin qaytarılması ilə bağlı şüarlarına diqqət etsək belə nəticəyə gələ bilərik ki, dünyanın heç bir yerində əmanətlər birə-bir qaytarılmır. O cümlədən bunu Postsovet məkanına da şamil etmək olar. Çünki ən yaxşı halda 10-20 manata bir manat qaytarılıb. Bu ekvalent Azərbaycan dövləti tərəfindən də nəzərə alınıb".


T.Kərimlinin fikrincə, Azərbaycan xalqının gözləntisi Azərbaycan hökumətindəndir: "Ölkə Prezidenti cənab İlham Əliyev də "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" Fərman imzalayıb. Sözügedən Fərmana əsasən 2012-ci ilin iyun ayından etibarən əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsinə başlanılacaq. Fərmana əsasən, əmanətlərin verilməsinin 2013-cü ilin 31 dekabrınadək başa çatdırılması nəzərdə tutulub. Bu o deməkdir ki, dövlət özü öz vətəndaşlarına qayğı göstərir. O ki, qaldı müxalifətin əmanətlərin verilməsində yeyintinin olacağı ilə bağlı səsləndirdiyi fikirlərə, bu cəfəngiyyatdan, şər-böhtandan başqa bir şey deyil. Birinci növbədə bunun üzərində dövlət nəzarəti gücləndirilib və Nazirlər Kabineti (NK) tərəfindən xüsusi komissiya yaradılıb. Hesab edirəm ki, radikal düşərgənin üzvləri nəyin bahasına olursa-olsun irəli düşməyə çalışırlar".


Vəhdət Partiyasının sədri deyib ki, onların tikinti ilə bağlı səsləndirdikləri şüarlar da adıçəkilən məsələ kimi reallığı əks etdirmir: "Hazırda paytaxt Bakı şəhərində böyük abadlıq-quruculuq tikinti işləri davam etdirilir. Təbii ki, burada nazarı qalanlar da olacaq. Dünyanın hər bir yerində bu tendensiya var. Cənab prezidentin tapşırığı ilə ən azı hər kvadrat metri 1500 manat olmaqla bütün mənzillərin haqqı ödənilir. Bu arqument də onların əllərində deyil . Onların bu kimi şüarlarla çıxış edərək bir növ xalqı özlərinə cəlb etməyə çalışırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə