Millət vəkilləri erməni deputatların çıxışlarına cavab verdi

Millət vəkilləri erməni deputatların çıxışlarına cavab verdi

Bu gün keçirilən Milli Məclisin növbəti plenar iclasında deputatlar Avronest Parlament Assambleyasının II sessiyasında iştirak edən erməni deputatların etirazını cavablandırıb. SİA-nın xəbərinə görə, millət vəkili Elman Məmmədov bildirib ki, Xocalıda və Qarabağın digər bölgələrində ermənilərin törətdiyi əsl faşizm nümunəsi idi. Onun sözlərinə görə, 20 ildir insanları öz torpaqlarından qovmuş, minlərlə insanı qətlə yetirmiş, qəbiristanlıqları dağıtmış və digər cinayətlər törətmiş şəxslərə bundan başqa nə demək olar?

Deputat Asim Mollazadə isə qeyd edib ki, Xocalıda hərbi cinayəti törədənlər beynəlxalq tribunala cəlb olunmalıdır: "Azərbaycanın hüquq-mühafizə orqanları və diplomatik qurumları beynəlxalq tribunalın qurulmasına səy göstərməlidir. Buna dəstək üçün Milli Məclis bütün Avropa ölkələrinin parlamentlərinə müraciət edə bilər".

Milli Məclisin spikeri Oqtay Əsədovun sözlərinə görə, Avronest Parlament Assambleyaısnın Bakıda keçirilməsi bir daha göstərdi ki, Azərbaycan istənilən səviyyədə beynəlxalq tədbirləri həyata keçirməyə bacarır: "Avronest parlament nümayəndələri və bu sessiyanın Bakıda keçirilməsində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Assambleyada Ermənistan nümayəndə heyəti iştirak edirdi və biz çalışdıq ki, yüksək səviyyədə qonaqpərvərliklə onları qarşılayaq. Baxmayaraq ki, bizim millət vəkilləri Ermənistanda problemlə üzləşmişdi. Amma təəssüflər olsun ki, onlar son günlərdə bir bəhanə tapıb narazılıq yaratdılar. Lakin emrənilərin bu narazılıqlarına baxmayaraq tədbir Azərbaycanın istənilən səviyyədə beynəlxalq tədbirlər həyata keçirməyə qadir olduğunu sübut etdi".

Bütün xəbərlər Facebook səhifəmizdə