TÜRKPA Baş katibi Qırğızıstan Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri ilə görüşüb

TÜRKPA Baş katibi Qırğızıstan Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri ilə görüşüb

Ötən gün TÜRKPA Baş katibi cənab Ramil Həsənov Bişkekə həyata keçirdiyi işgüzar səfəri çərçivəsində Qırğızıstan Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri cənab Almazbek Batırbekov ilə görüşüb.

TÜRKPA-dan SİA-ya verilən məlumata görə, görüşdə cənab Almazbek Batırbekov TÜRKPA-nın türkdilli ölkələr arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafı istiqamətində əhəmiyyətli fəaliyyətlər həyata keçirən bir təşkilat olduğunu ifadə edib. Eyni zamanda təşkilatın beynəlxalq əlaqələrinin daha da genişlənməsi və nüfuzunun artırılması ilə bağlı görülən işlərin təqdirlə qarşılandığını bildirib.

Öz növbəsində Baş katib Ramil Həsənov TÜRKPA-nın fəaliyyəti və təşkilatın beynəlxalq əlaqələri haqqında geniş məlumat verib. TÜRKPA-nın qısa müddət ərzində dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə qarşılıqlı əməkdaşlığının inkişafı və bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs edib. Eyni zamanda TÜRKPA-nın 2012-ci ildə Bişkekdə keçiriləcək III Plenar iclası ilə bağlı hazırlıq işlərinin başlandığını və bu işgüzar səfərin də məhz bununla bağlı olduğunu qeyd edib. Qırğızıstan Parlamentinin də ev sahibi olaraq tədbirin həyata keçirilməsinə dəstək verəcəyinə inandığını bildirib.

Cənab Almazbek Batırbekov beynəlxalq əməkdaşlıq çərçivəsində əlaqələrin inkişaf etdirilərək təşkilatların qarşılıqlı şəkildə müşahidəçi statusunun alınması ilə əlaqədar TÜRKPA-nın fəaliyyətlərinə hər zaman Qırğızıstan Parlamenti tərəfindən dəstək veriləcəyini vurğulayıb. TÜRKPA-nın III Plenar iclasının da uğurla həyata keçiriləcəyinə əminliyini və Qırğızıstan Parlamentinin artıq bu istiqamətdə işə başladığını diqqətə çatdırıb.

Eyni zamanda keçirilən görüşdə digər vacib məsələlər də müzakirə edilib.


Qeyd edək ki, görüşdə TÜRKPA Baş katibinin müavini cənab Bektemir Ziyadinov da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə