Milli təhlükəsizlik orqanlarının yaranmasından 93 il ötür - FOTO

Milli təhlükəsizlik orqanlarının yaranmasından 93 il ötür - FOTO

Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təmin olunmasında xüsusi yeri və rolu olan milli təhlükəsizlik orqanlarının yaranmasından 93 il ötür.

MTN-dən SİA-ya verilən məlumata görə, peşə bayramı münasibətlə general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Fəxri xiyabana gələrək, Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi, müstəqillik illərində Milli Təhlükəsizlik Nazirliyinin xalqın maraqlarının və təhlükəsizliyin etibarlı təminatçısı kimi formalaşmasında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmiş, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstəsi düzülüb.

Sonra Şəhidlər xiyabanında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın unudulmaz xatirəsini yad etmiş və məzarları üstünə güllər düzmüşlər. "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş və burada dəfn edilmiş milli təhlükəsizlik orqanlarının əməkdaşlarının da xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Bayram mərasimi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etdirilib. Akademiyanın döyüş bayrağı təntənəli şəkildə sıra meydanına gətirilmişdir. Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin peşəkarlıq ənənələri əsasında müasir təlim-tədris prosesini həyata keçirən bu ali təhsil ocağının şəxsi heyətini, kursantları və dinləyiciləri Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 93-cü ildönümü münasibətilə təbrik etmiş, onlara ölkəmizin milli maraqlarının və təhlükəsizliyinin qorunması naminə xidmətdə, təhsildə, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulanıb. Hazırda milli təhlükəsizlik orqanlarının müxtəlif struktur bölmələrində fəaliyyət göstərən gənc kadrların əksəriyyətinin Aka­de­­miyanı bitirdiklərini diqqətə çatdıran nazir Eldar Mahmudov, bu xüsusi təyinatlı təhsil ocağının hərtərəfli inkişafı üçün bütün zəruri tədbirlərin görüldüyünü və tədrisin keyfiyyətinin ildən-ilə artırılmasının, yeni ixtisas sahələrin tətbiqinin kadr hazırlığına müsbət təsir göstərdiyini qeyd edib.

Nazir Eldar Mahmudov bildirmişdir ki, ölkə rəhbərliyi tərəfindən inamla və ardıcıl aparılan hərtərəfli islahatlar kursu və yeni-yeni layihələr Azərbaycanın iqtisadi inkişaf tempinə və digər göstəricilərə görə dünyada aparıcı mövqelərə çıxmasına imkan verib. Ancaq inkişafımıza qısqanclıqla yana­şan, ona mane olmağa, müxtəlif vasitələrlə bu uğurlara kölgə salmağa çalışan həm xaricdə, həm də daxildə qüv­vələr də var. Onların bəziləri gənclərimizi müəyyən istiqamətlərə çəkməyə cəhdlər göstərirlər. Lakin düzgün düşüncəli gənclərimiz heç vaxt bu təsirlərə uymurlar, əksinə, daim dövlətçilik mövqeyi nümayiş etdirirlər. Çünki Azərbaycan dövləti hər zaman gənclərin problemləri ilə məşğul olur, hərtərəfli inkişafının qayğısına qalır.

Nazir Eldar Mahmudov bildirib ki, son illər Milli Təhlü­kə­siz­lik Nazirliyində əsası qoyulan inkişaf kursu ötən il ərzində də uğurla davam etdirilib. Terror-təxribat fəaliy­yət­lə­ri­nin qar­şı­sı­nın alın­ması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya, insan alveri, mütəşəkkil cinayət­kar­lığın digər təzahürlərinə qarşı mübarizədə önəmli nəticələr əldə edilib. Milli təhlü­kə­siz­lik orqanlarının şəxsi heyəti dövlətçiliyin və sabitliyin möhkəmlən­dirilməsi sahəsində ardıcıl fəa­­liy­yəti ilə bugünkü dinamik inkişafa bundan sonra da öz töhfələrini verəcək. Əlbəttə, Azərbaycanın getdikcə daha ge­niş coğrafi və si­yasi məkanda böyük nüfuz qazanması qlobal və regional xarakterli təhdidlərin artdığı şə­rait­də ölkənin təhlükəsizliyinə daha etibarlı xidmət etməyə çağırır. Sözsüz ki, ən mühüm vəzifə düşmən işğalında olan Azərbaycan torpaqlarının azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunmasıdır.

Azərbaycan Res­publika­sının Pre­zi­denti cənab İlham Əliyevin gənclərə olan başlıca tövsiyələrindən biri onların geniş dünyagörüşünə malik, savadlı və əsl vətənpərvər olmasıdır. Bu günlərdə möhtərəm Prezident rayonlara səfəri zamanı gənclər qarşısında çıxış edərək bir daha demişdir: "Bilik, istedad, yenilik və müasirlik gənclər üçün əsas istiqamətlərdir. Lakin, gənclər nə qədər bilikli olsalar, bir o qədər də vətənpərvər olmalıdırlar. Çünki vətənpərvərlik olmadan heç bir ölkə inkişaf edə bilməz".

Nazir Eldar Mahmudov bu istiqamətdə dövlət başçısının tövsiyələrinin və çağırışlarının daim Akademiyanın kursant və dinləyicilərinə çatdırıldığını, gənclərin hər şeydən əvvəl öz xalqına, xidməti borca, dövlətinə və Ali Baş Komandana sədaqət ruhunda yetişməli, milli maraqları şəxsi mənafedən üstün tutmalı olduqlarını qeyd edib. Ulu Öndərin adı ilə bağlı olan Akademiyada məhz belə tələblərə uyğun gənclər təhsil alma­lı­dırlar. Çünki, bu təhsil ocağının üzərinə Azər­baycanın təhlükə­siz­liyinə ca­vab­dehlik daşımağa qadir gənc kadrların yetiş­diril­məsi kimi mühüm vəzifə düşür. Milli təhlükəsizlik naziri Eldar Mahmudov Milli Təhlükəsizlik Nazirliyinin müasir tələblərə uyğun inkişafı, maddi-texniki bazasının güclənməsi və şəxsi heyətin sosial müdafiəsinin xeyli yüksəlməsi istiqamətində Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısını xüsusi vurğulanıb.

Sonra kursantlar təntənəli marşla tribunanın önündən keçmişlər. Tədbirin sonunda "Şöhrət" Muzeyində mükafatlandırma mərasimi keçirilmiş, xidməti fəaliyyətdə fərqlənən əməkdaşlara və kursantlara medallar, fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim olunmuş, xatirə şəkli çəkilib.

Təhlükəsizlik orqanlarının yaranmasının 93-cü ildönümü münasibətilə təntənəli mərasim Milli Təhlükəsizlik Nazirliyinin akt zalında daha geniş tərkibdə davam etdirilmişdir. Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, Azərbaycanın dövlət himni səsləndirilib.

Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov mərasimdə çıxış edərək milli təhlükəsizlik orqanlarının bütün şəxsi heyətini və veteranları, ulu öndərin şərəfli məktəbinin davamçılarını peşə bayramı münasibəti ilə təbrik edib.

Nazir Eldar Mahmudov 2011-ci ilin bütövlükdə Azərbaycan xalqının, dövlətinin həyatında növbəti uğurlarla yadda qaldığını qeyd edib. Bu uğurların əsasını isə təhlükəsizliyin və sabitliyin etibarlı təmin olunması təşkil edir. Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin dediyi kimi: "Uğurlarımızın təməlində həm iqtisadi siyasət və islahatlar, eyni zamanda ölkədə mövcud olan ictimai-siyasi sabitlik dayanır". Ötən müddət ərzində Azərbaycanın xarici siyasətində mühüm hadisələr baş verib. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilib. Daha bir uğur \"Böyük iyirmiliy\"in xarici işlər nazirlərinin toplantısına Azərbaycanın dəvət edilməsidir. Bu, respublikanın dünyada artan nüfuzunun göstəricisi, onun regional gücünün etirafıdır. Azərbaycan öz dövlətçilik tarixinin çox mühüm mərhələsinə qədəm qoymuşdur və əldə edilmiş uğurlar bir daha sübut edir ki, Azər­baycan indi sürətlə dəyişən və qüdrətlənən bir dövlətdir. Ölkəmizin dinamik iqtisadi inkişafının təməlində düzgün strategiya, düşünülmüş və tarazlı siyasət, çevik idarəçilik, Azərbaycanın təhlükəsiz və etibarlı tərəfdaş dövlət kimi tanınması dayanır.

Nazir Eldar Mahmudov ötən müddətin milli təhlükəsizlik orqanları üçün də uğurlu keçdiyini, Milli Təhlü­kə­siz­lik Nazirliyinin Azərbaycanın hazırkı yüksək sosial-iqtisadi inkişafında, beynəl­xalq aləmdə nüfuz sahibinə çevrilməsində, ictimai-siyasi sabitliyin qorunub saxlanıl­ma­sında öz rolu olduğunu qeyd etmişdir. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər sayəsində xarici xüsusi xid­­mət orqanlarının və digər subyektlərin kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinin qabaqlanması və ifşa edilməsi istiqamətində işlər uğurla davam etdirilib. Əks-kəşfiyyat və hərbi əks-kəşfiyyat tədbirləri nəticəsində casusluq etməklə dövlətə xəyanətdə təqsirli bilinən 24 nəfər ifşa olunub.

Ötən dövrdə terror­çu­­luq­la mübarizə sahəsində də mühüm nailiyyət­lər əldə edilmişdir. Kompleks əməliyyat tədbirləri nəticəsində Pakistan-Əfqanıstan ərazilərində koalisiya qüv­və­lərinə qarşı silahlı birləşmələrdə iştirak etmiş və beynəlxalq axtarışda olan 2 nəfər yaxalanıb.

Narkotik vasitələrin qa­nun­suz dövriyyəsi ilə məşğul olan 30-a yaxın transmilli mütəşəkkil cinayətkar dəstə və qrupun, ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısı alınıb. Ümumilikdə 630 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılmış­, 40 cinayət işi başlanmış, 137 nəfər məsuliyyətə cəlb olunmuşdur. Təyinatına görə nüvə sənayesində istifadə edilən avadanlığın qaçaqmalçılığı ilə məşğul olan transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmiş, eləcə də, dərman və dərman preparatlarının, külli miqdarda qiymətli daş-qaşın və qızıl məmu­latlarının qanunsuz yolla ölkəyə gətirilmə­sinin qarşısı alınmışdır. Ümumilik­də qaçaqmalçılıq faktları üzrə 8 cinayət işi başlanmış, 13 nəfər məsuliyyətə cəlb olunub. 2011-ci il ərzində həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində, Gədəbəy Qızıl-mis Emalı za­vo­dun­dan xam qızılın oğurlanması, həmçinin kompüter informasiyasına qanunsuz daxil olaraq müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanması ilə məşğul olan ayrı-ayrı mütəşəkkil cinayətkar dəstələr ifşa edilib. Bundan başqa, saxta sənədlər, o cümlədən saxta qiymətli kağızlar hazırlama, nəzarətdən­kənar beynəlxalq rabitə xidmətinin təşkili, külli miqdarda vergi ödənişlərindən yayınma və insanların etibarını qazanmaqla külli miqdarda pul vəsaitini mənim­səmə cinayətləri üzrə də 14 cinayət işi başlanmış, 23 nəfər cinayət məsuliyyətinə cəlb olunub. İstintaq fəaliyyətinin səmərəli aparıldığını, cinayətlərin açılmasına, cinayətkarların ifşa olunmasına dəyərli töhfələr verildiyini bildirən nazir Eldar Mahmudov, ötən müddət ərzində Milli Təhlükəsizlik Nazirliyində 137 cinayət işinin istintaqının başa çatdırıldığını qeyd edib.

Ölkədə hüquq-mühafizə siyasətinin səmərəli həyata keçirilməsində, o cümlədən sabitliyin möhkəmləndirilməsində, təhlükəsizliyin etibarlı təmin olunmasında və cinayətkarlıqla mübarizədə adiyyati dövlət orqanlarının qarışılıqlı fəaliyyət göstərməsi mühüm amildir və uğurla nəticələnir. Milli təhlükəsizlik orqanları da bu faktora xüsusi əhəmiyyət verir.

Dövlət orqanları arasında qarşılıqlı fəaliyyət nə qədər mühümdürsə, xarici tərəfdaşlarla əməkdaşlıq da bir o qədər vacibdir. Bu gün Milli Təhlükəsizlik Nazirliyi 60-a yaxın xarici xüsusi xidmət orqanı ilə, eləcə də bir sıra beynəlxalq təşkilatlarla tərəfdaşlıq edir.

Milli təhlükəsizlik orqanlarının yüksək savada və dünyagörüşünə malik kadrlarla komplekt­ləşdirilməsi, şəxsi heyətin bilik və bacarıqlarının, fiziki və mənəvi keyfiyyətlərinin inkişaf etdirilməsi uğurlu fəaliyyətin əsas şərtlərindəndir. Bu vəzifələrin uğurla yerinə yetirilməsi həmçinin Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına da seçim zamanı müstəqilliyə, vətənə, dövlətə sadiqlik və milli-mənəvi dəyərlərə bağlılıqla yanaşı, müasir informasiya texnologiyaları üzrə vacib sahəli biliklərin olmasına ciddi önəm verilir. Akademiyada təhsil müddəti ərzində xatirə azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyə olunaraq, əsl peşəkar zabit kimi yetişirlər.

Nazir Eldar Mahmudov bildirmişdir ki, milli təhlükəsizlik orqanları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində öl­kə rəh­bər­liyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılmasına öz töhfələrini verirlər. Bu istiqamətdə təb­­liğat işi gücləndiril­miş, informasiya mübarizəsi daha səmərəli və məqsədyönlü xarakter almışdır. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Ermənistanın terrorçuluq siyasətini ifşa edən, Azərbaycan həqiqətlərini dünyaya çatdıran müxtəlif sənədli filmlər, on minlərlə kitab, elektron vasitələr paylanılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunmuş "Xocalıya ədalət" kam­pa­­ni­yası çərçivəsində Dövlət Komissiyası bir sıra xarici ölkələrdə keçirilən tədbirlərdə fəal iştirak edib.

Ölkə rəhbərinin çağırışlarına və müvafiq tövsiyələrinə uyğun olaraq, ictimaiyyətlə səmərəli əlaqələrin qurulması, dövlət orqanı ilə vətəndaş arasında milli maraqlar naminə etimada söykənən münasibətlərin möhkəmləndirilməsi işinə də önəm verilir. Bu baxımdan, Milli Təhlükəsizlik Nazirliyində ictimaiyyətlə əlaqələrin təşkilinə xüsusi diqqət yetirilir, görülən tədbirlər, əldə edilən nəticələr barədə cəmiyyətin operativ məlumatlandırılması təmin edilir.

Ötən dövr ərzində dövlət başçısının gündəlik diqqət və qayğısı sayəsində milli təhlükəsizlik orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də tədbirlər davam etdirilmişdir. Bir sıra ərazi orqanları üçün yeni inzibati binaların inşası, habelə zəruri təmir-tikinti və bərpa işləri ardıcıl surətdə aparılıb.

Nail olu­nmuş inkişaf və əldə edilmiş uğurlar, ölkə rəhbərinin milli təhlükəsizlik orqanlarının fəaliyyətinə göstərdiyi gündəlik diqqət və qay­ğının bariz nəticəsi­dir. Peşə bayramı ərəfəsində dövlət başçısının sərəncamları ilə bir qrup əməkdaşa ali hərbi rütbələrin və yüksək dövlət mükafatlarının verilməsi milli təhlükəsizlik orqanlarına olan diqqətin daha bir parlaq təzahürüdür. Nazir Eldar Mahmudov milli təhlükəsizlik orqanlarına olan qayğısına görə ölkə rəhbərinə minnətdarlığını çatdıraraq bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik ənənələrinə sadiq olan Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Azərbaycan Respubli­kasının Prezi­denti, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycanın dinamik inkişaf edən və qüdrətlənən döv­lətə çevrilməsi yolundakı əzmkar fəaliyyətində daim ən yaxın silahdaşı olacaq.

Yığıncaqda Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadə çıxış edərək bildirib ki, indi milli təhlükəsizlik orqanları yeni tarixini yaşayır. Müasir dünyanın ən inkişaf etmiş xüsusi xidmət orqanlarının bərabər səviyyəli və etibarlı tərəfdaşına çevirilmiş Milli Təhlükəsizlik Nazirliyi müasir maddi-texniki bazaya, bacarıqlı və peşəkar kadrlara malikdir. Ulu öndər Heydər Əliyevin adını şərəflə daşıyan Akademiya da xüsusi xidmət orqanlarının ümumi fəaliyyətinin uğurla həyata keçirilməsində bütün potensialını və səylərini səfərbər edir. Sonra təbrik sözü ilə çıxış edən Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət başçısının şəxsi heyətə təbriklərini çatdırmış, dövlətçiliyin, milli maraqların qorunmasında və təhlükəsizliyin təmin olunmasında Milli Təhlükəsizlik Nazirliyinin rolunun yüksək qiymətləndirildiyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə mərasim iştirakçıları adından müraciət qəbul olunub.

Mərasimdə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və təltif olunmaları barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 27 mart tarixli sərəncamları elan olunub. Bu, şəxsi heyət tərəfindən alqışlarla qarşılanıb.

Xidmətdə fərqlənmiş əməkdaşların mükafatlandırılması barədə milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun əmrləri elan olunmuş, təhlükəsizlik orqanlarının veteranlarına qiymətli hədiyyələr təqdim edilib.

Tədbirin sonunda Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə