Əli Əhmədov: “İran probleminin həll olunmasında Azərbaycan bir vasitə kimi heç zaman istifadə olunmayacaq” - MÖVQE

Əli Əhmədov: “İran probleminin həll olunmasında Azərbaycan bir vasitə kimi heç zaman istifadə olunmayacaq” - MÖVQE

İranla Azərbaycanın normal mehriban qonşuluq münasibətləri heç bir vəchlə, heç bir amilin təsiri altında pozulmamalıdır. Azərbaycan olaraq, bizim yanaşmamız bundan ibarətdir. SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov partiyanın saytına verdiyi müsahibəsində deyib.

İcra katibi bildirib ki, İran bu gün ciddi problemlərlə üzləşib və bu problemlərin nə yaranmasında, nə bu həddə çatmasında Azərbaycanın heç bir rolu olmayıb, bunun Azərbaycanla heç bir əlaqəsi yoxdur: "Digər bir tərəfdən də, İran probleminin həll olunmasında da Azərbaycan bir faktor kimi, bir vasitə kimi heç zaman istifadə olunmayacaqdır. Azərbaycan dəfələrlə açıq şəkildə rəsmi şəxslərin dili ilə öz mövqeyini ortaya qoyubdur. Belə olan halda, İranın Azərbaycandan şübhələnməsi hesab edirəm ki, tamamilə yersizdir. Ən azacıq olsa belə, əsas yoxdur ki, İran üzləşdiyi problemlərin Azərbaycanla bağlı olduğuna inanmış olsun, yaxud da İran rəsmi dairələrində belə bir düşüncə formalaşmış olsun. Mən hesab edirəm ki, İran özünün üzləşdiyi problemi həll etmək üçün başqa yol seçməlidir. Bu yol bütövlüklə İran-Azərbaycan münasibətlərinin üzərinə kölgə salmaqdan tamamilə kənar olmalıdır. Əksinə, Azərbaycanla münasibətlərin pozulmaması, münasibətlərimizə kölgə salacaq addımların atılmaması İranın üzləşdiyi problemlərin həllini əhəmiyyətli dərəcədə yüngülləşdirə bilər".

Rəsmi Bakının İranla yaranmış münaqişəli vəziyyətin danışıqlar vasitəsilə, xüsusi gərginlik ortaya qoymadan həllinin tərəfdarı olduğunu deyən Əli Əhmədov deyib ki, bu, ilk növbədə Azərbaycanın xarici siyasətinin sülhsevər mahiyyətindən irəli gəlir: "İkinci bir tərəfdən, təbiidir ki, Azərbaycanla İran qonşu dövlətlərdir, İranda çoxlu sayda etnik azərbaycanlı yaşayır. İranda ciddi gərginliyin olması Azərbaycanı həm də narahat edir. Ən azından İranda hər hansı bir gərginlik olarsa, bundan etnik azərbaycanlılar əziyyət çəkəcəkdir. Azərbaycan dövləti olaraq, biz bunu istəmirik. Dünyanın istənilən yerində yaşayan insanların, o cümlədən etnik azərbaycanlıların rahat yaşaması bizim dövlətimizin məfkurə əsaslarından birini təşkil edir. Biz bütün İran vətəndaşlarının, həmçinin, etnik azərbaycanlıların dinc, rahat, təhlükəsiz yaşamalarını arzu edirik. Bu mənada İranla bağlı olan problemlərin tez bir zamanda və dinc yollarla aradan qalxmasının tərəfdarıyıq.

O, eyni zamanda qeyd edib ki, İran tərəfinin heç bir əsas olmadan Azərbaycanla bağlı bu cür addımlar atması tamamilə yersizdir: "İkinci bir tərəfdən Azərbaycanla İran arasında bu günki əlaqələrə ciddi problemlər yaradır, nəhayət, İranın özünün üzləşdiyi problemlərin aradan qalxmasına xidmət etmir. Bu mənada İran dairələrinin rəsmi şəkildə inkar etmələrinə baxmayaraq, təbii ki, onların qeyri – rəsmi razılığı ilə aparılan antiazərbaycan təbliğatını qətiyyətlə pisləyirik. Mən hesab edirəm ki, bizim münasibətlərimizdə kifayət qədər səmimilik olmalıdır. Azərbaycan bu səmimiliyini dəfələrlə açıq şəkildə nümayiş etdirib. Bu gün də bizim siyasətimizdə və münasibətlərimizdə həmin səmimiyyət mövcuddur. Biz istərdik ki, İran tərəfindən də bu səmimilik ortada olsun. Əgər biz səmimi olaraq əməkdaşlıq niyyətimizi ortaya qoyuruqsa, onda gərək praktik addımlarımız da bu səmimiliyə uyğun olsun və bəyanatlarımız atdığımız addımlarla ziddiyyətlər təşkil etməsin. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, İranın hərəkətlərində bəzi hallarda verilən bəyanatlarla praktik addımlar arasında bizi narahat edən, incidən ziddiyyətlər var. Bu ziddiyyətləri aradan qaldırmaq lazımdır. Azərbaycan buna hazırdır, bunun tərəfdarıdır, istərdik ki, İranda da bu cür yanaşmalar olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə