Bahar Muradova: “Etik olmayan ifadələr işlətmək heç kimə baş ucalığı gətirmir”-AÇIQLAMA

Bahar Muradova: “Etik olmayan ifadələr işlətmək heç kimə baş ucalığı gətirmir”-AÇIQLAMA

"İstənilən mövqeyin, fikrin ifadə formasını seçmək vətəndaşın üzərinə düşən işdir. Lakin o, bunu seçəndə qanunun tələblərini nəzərə alınmalı və gözləməlidir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova Azərbaycan müxalifət partiyalarının gənclər təşkilatlarının bu gün keçirdiyi mitinqi şərh edərkən deyib. Onun sözlərinə görə, mitinqlərlə, başqa şüarlarla gələcəklərini ifadə edib daha sonra prosesin gedişində şüarları dəyişmək, çərçivələrə sığmayan, etik olmayan ifadələr işlətmək heç kimə baş ucalığı gətirmir: "Müxalifət partiyalarının gənclər təşkilatlarının Bakıda icazəli mitinqə çıxardıqları insanların sayı göstərir ki, bizdəki müxalifət çox zəifdir. Faktiki olaraq bu aksiya müxalifət qüvvələrinin mövcudluqlarını nümayiş etdirmək cəhdi idi. Müxalifət qüvvələri müxtəlif ölkələrdəki aksiyalara, nümayişlərə baxır və burada da nəsə etməyə çalışır, belə aksiyalarla təsəlli tapırlar. Amma onlar anlamırlar ki, bəhs etdiyim ölkələrdəki aksiyalarla Azərbaycandakı vəziyyətin heç bir əlaqəsi yoxdur".

Bahar Muradova bildirib ki, müxalifət paytaxt meriyasının ayırdığı əraziyə 250-300 nəfərdən artıq iştirakçı toplaya bilməyib: "Bu, bir daha onu göstərir ki, müasir Azərbaycan gəncliyi hakimiyyətin apardığı siyasəti dəstəkləyir. Azərbaycan müasirləşir və bu proses davamlı xarakter daşıyır, ona görə cəmiyyətimiz də bu yeniliklərə uyğunlaşmalı, müasir dövrün çağırışlarına cavab verməlidir. Təbii ki, bu prosesdə yenilikçi qüvvə olaraq gənclərin üzərinə böyük məsuliyyət düşür. Gənclərimiz bu prosesi irəli aparmaq üçün fəal olmalıdırlar. Nümayişdə iştirak edən gənclər radikal, etik normalara sığmayan ifadələr işlətməkdənsə, bu inkişafdan faydalanardılar".

Bütün xəbərlər Facebook səhifəmizdə