Hakim partiyanın gəncləri üçün təşkil edilən seminarlar bu gün də davam edib

Hakim partiyanın gəncləri üçün təşkil edilən seminarlar bu gün də davam edib

Yeni Azərbaycan Partiyası rayon (şəhər) təşkilatları üzrə gənclər birlikləri sədrlərinin informasiya texnologiyaları üzrə biliklərinin təkmilləşdirilməsi istiqamətində təşkil olunan iki günlük seminarlar bu gün də öz işini davam etdirib. SİA-nın xəbərinə görə, seminar çərçivəsində gənclər rəqəmsal dünyanın yeni nailiyyətlərini daha dərindən mənimsəmək, sosial şəbəkələrdə fəaliyyəti səmərəli şəkildə qurmaq, elektron ünsiyyəti intensivləşdirmək və digər mövzularda üç müxtəlif qrupda işi davam etdirirlər. I qrup İKT texniki seminarı YAP GB-nin sədr müavini Aygün Əliyeva, II qrup İKT nəzəri seminarı YAP GB-nin sədr müavini Samirə Quliyeva və Sərraf Hüseynov, III qrup İKT ideoloji seminarı isə YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı aparıb. I qrup İKT texniki seminarında gənclər internetdən istifadə, ondan müxtəlif formada istifadə qaydalarını öyrəniblər. Bundan əlavə, bu qrupda iştirak edən gənclərə sosial şəbəkələrdən istifadə qaydaları, üsulları, elektron ünsiyyətin intensivləşdirilməsi metodlarla bağlı praktik surətdə informasiyalar çatdırılıb. İştirakçılar onlar üçün ayrılan kompüterlərdən istifadə etməklə sosial şəbəkələrdən istifadə edilməsinin tətbiqi qaydaları ilə tanış olublar.

II qrupu İKT nəzəri seminarında gənclər sosial şəbəkələrə müxtəlif prizmalardan yanaşmağa çalışıblar. İKT nəzəri seminarında sosial şəbəkələr mövzusu ətrafında müzakirələr aparılıb. Seminarı aparan YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri, partiyanın Gənclər Birliyinin ofisinin meneceri Sərraf Hüseynov bildirib ki, belə treninqləri təşkil etməkdə əsas məqsəd sosial şəbəkələrdə vətəndaş olaraq məsuliyyəti dərk etmək, üzərlərinə düşən borcumuzu yerinə yetirmək üçün vəzifələrin müəyyənləşdirməkdən ibarətdir.

III qrup İKT ideoloji seminarında isə YAP-ın icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ölkədə aparılan ideoloji işlər və onların uğurları barədə gənclərə ətraflı məlumat verib. Millət vəkili ideoloji məsələlər ətrafında elmi-praktik səciyyəli mühazirə ilə çıxış edib və qarşılıqlı fikir mübadiləsi aparılıb. O, müstəqilliyin ilk illərində milli dövlət quruculuğu istiqamətində müəyyənləşdirilmiş vəzifələr, onların həyata keçirilməsi yönündə atılan addımlar, problemlər, reallıqlar və ideoloji məsələlər barədə ətraflı şəkildə gənclərə məlumat verib. YAP-ın icra katibi Mübariz Qurbanlının fikrincə, seminarlar gənclərin inkişafına, aralarındakı münasibətlərin daha da yüksəlməsinə müsbət təsir edəcək.

Bir sözlə bu gün də hər üç bölmədə gənclərlə müxtəlif mövzular ətrafında müzakirə davam edir və qarşılıqlı fikir mübadiləsi aparılır.

Qeyd edək ki, seminarlar bu gün başa çatır. Sonda gənclər Heydər Əliyev Fondunu ziyarət edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə