Ərəstun Baxşəliyev: \"İran düşmənimizlə dostluq edəndə bilməli idi ki, bu cavabsız qalmayacaq\" MÜSAHİBƏ (SəsTV)
Bildiyiniz kimi, Fransa Senatı tərəfindən qəbul edilən qondarma \"erməni soyqırımı\"nı qəbul etməyənlərin cəzalandırılması ilə bağlı qanun layihəsi dünən Fransa Konstitusiya Şurası tərəfindən ləğv edildi. Seçkiqabağı erməni lobbisinin rəğbətini qazanmaq üçün dəridən-qabıqdan çıxan Fransa prezidenti Nikolya Sarkozi isə məsələ ilə bağlı yeni qanun layihəsi təklif edib. Bunun nəticəsi necə olacaq? Məsələ ilə bağlı SƏS TV-yə müsahibə verən politoloq Ərəstun Baxşəliyev, eyni zamanda İran-Azərbaycan münasibətləri haqda da danışıb. SİA müsahibəni təqdim edir:
- Fransa Konstitusiya Şurası qondarma \"erməni soyqırımı\" ilə bağlı qanun layihəsini ləğv etdi. Sonda bu nəticə olacaqdısa Fransanın yaratdığı bu xaos nəyə gərək idi? Yəni Fransa hansı niyyətlə belə bir addıma üz tutmuşdu?
-Qondarma \"erməni soyqırımı\" Fransa ilə yanaşı Avropanın da gündəmində olan məsələdir. Avropa bu məsələni türklərə qarşı hər zaman silah olaraq istifadə edib. Bu gün hamıya məlumdur ki, Türkiyə bölgədə böyük güc mərkəzinə çevrilib. Türkiyənin həm yaxın və orta şərqdə, həm də şimali Afrika ölkələrində getdikcə artan nüfuzu isə Fransa ilə yanaşı bir çox Avropa ölkələrini ciddi narahat edir. Məsələyə bu cür reallıqla baxdıqda deyə bilərik ki, bu plan Fransada idarəedici qüvvələrin cəhdləridir. Çünki məlumdur ki, bir vaxtlar yaxın və orta şərq Fransanın müstəmləkəçiliyində olub. İndi isə həmin bölgələrdə Türkiyənin nüfuzunun artması Fransa üçün xoşagələn deyil. Yəni Fransanın strateji maraqalarının qorunması naminə ortaya atılmış bu soyqırımı oyunu üzünü doğrultmadı. Fransa Konstitusiya Şurası bu qanun layihəsini ləğv etsə belə, bir növ Türkiyənin bölgədəki nailiyyətlərini həzm edə bilmədiyini sübut etmiş oldu.
- Qeyd etdiniz ki, Fransa Türkiyənin bölgədə artan nüfuzunu həzm edə bilmir. İndi isə Sarkozi məsələ ilə bağlı yeni qanun layihəsi təklif edib. Bu cür addımlarla Sarkozi hansı nəticəyə nail olmaq istəyir və növbəti layihə ilə bağlı gözləntiləriniz nədir?
- Əslində, məsələlərə biraz dərindən diqqət yetirsək açıq formada görərik ki, bu Sarkozinin siyasəti deyil. Fransada əgər 500 min erməni yaşayırsa, 500 minə yaxın da türk yaşayır. Əgər Sarkozinin bu siyasəti prezident seçkilərində səs qazanma kampaniyası üçün atılmış addım olsaydı, o zaman ermənilər kimi türkün də səsini qazanmağa çalışardı. Ona görə də bu fikirlər Sarkozinin deyil, Avropanın güclənən Türkiyəyə qarşı yeritdiyi siyasətin nəticələridir. Lakin hamımıza məlumdur ki, bu addımın arxasında erməni diasporunu ələ keçirmək kimi böyük bir siyasət durur. Nə qədər acı da olsa biz etiraf etməliyik ki, erməni diasporu bu gün dünyada müəyyən söz sahibidir. Konstitusiya Məhkəməsinin öz iradını bildirməsi və qərarı ləğv etməsi o demək deyil ki, artıq bu istiqamətdə atılan addımların davamı gəlməyəcək. Yəni biz bir sıra Avropa ölkələrindən də bu cür təzyiqlər gözləməliyik. Türkiyənin gücü artdıqca narahat olan dövlətlər öz qısqanclıqlarını bu cür təzyiqlərlə ifadə edəcəklər. Ona görə də yaxın gələcəkdə də bu cür məsələlərin gündəmdə olması və ya yeni formalarda üzə çıxarılması gözləniləndir.
- Təzyiqlərdən danışmışkən, keçid alaq İran-Azərbaycan münasibətlərinə. İranın Azərbaycana istər rəsmi, istər qeyri-rəsmi təzyiqləri artıb. Sizcə bu nə vaxta kimi davam edəcək?
-Əslində İranın Azərbaycana qarşı yeritdiyi siyasətin təməli əvvəldən pis qoyulub. İran Azərbaycandan nə isə tələb edə bildiyi kimi, lazım olan məqamlarda ölkəmizin maraqalarını qorumağı da bilməlidir. Əgər İran Ermənistanla münasibət qurursa, müttəfiqlik edirsə bir çox şeyi nəzərə almalıdır. Azərbaycan müstəqil bir dövlətdir və istədiyi ölkə ilə hər cür əlaqə və əməkdaşlıq qura bilər. Bunun üçün İrandan və ya qeyri bir ölkədən icazə almağa nə ehtiyacı, nə də borcu var. Kimsənin belə məqamda Azərbaycana müdaxilə etməyə və ya yön göstərməyə haqqı yoxdur. İran müsəlman dövləti olmasına baxmayaraq, Ermənistanla yaxından əməkdaşlıq əlaqələri qurursa, Xocalı soyqırımını görməzdən gəlib əli azərbaycanlı qanına bulanmış bir insanla görüşüb, onunla səmimi şəkildə əlaqə qurursa, Azərbaycanın da bu məsələlərə biganə qalmayacağını bilməlidir.
- Müstəqil dövlət olduğumuz halda İranın Azərbaycanın daxili və xarici işlərinə bu qədər qarışmasının əsas gücü haradan gəlir? Yəni İran bu səlahiyyəti haradan alır?
-Bildiyiniz kimi, İran hazırda sıxışdırılmış vəziyyətdədir. Beynəlxalq aləmdə İrana qarşı tətbiq edilən sanksiyalar İranı köşəyə sıxışdırıb. Ona görə də İran özünə qarşı müharibə başlanacağından hər an ehtiyat edir. Həm ABŞ, həm də İsraildən müharibə addımı gözləyən İran bir növ özünü sığortalamağa çalışır. Yəni İran baş verə biləcək müharibənin əhatə dairəsini genişləndirmək niyyətindədir. Bildiyiniz kimi, Azərbaycan qərbə neft ixrac edir. Yəni qərbin Azərbaycandakı maraqlarını nəzərə alsaq, deyə bilərik ki, İran hər an Azərbaycana istənilən hücumu etmək iqtidarındadır. Sanksiyalar nəticəsində İranın Fransa və İngiltərəyə neft ixracını dayandırdığının şahidi olduq. Əgər İrana qarşı hansısa müharibə başlasa, ya da İran-Azərbaycan münasibətləri getdikcə gərginləşsə, İranın ilk hədəflərindən biri də Azərbaycanın nefti olacaq. Lakin Azərbaycanın bu cür hücumlara hazırlıqlı olduğunu da qeyd etmək lazımdır. Bildiyiniz kimi, Azərbaycan İsraildən 1,6 milyard dollar dəyərində silah alır. Bu da öz növbəsində düşünülmüş və adekvat addımdır. Ona görə də, bu məsələ İranı narahat edir. Amma yenə qeyd edirəm ki, İran düşmənlərimizlə dostluq edəndə bilməli idi ki, cavabsız qalmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB