Prezident İlham Əliyev Qusarda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib - FOTOSESSİYA

Prezident İlham Əliyev Qusarda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib - FOTOSESSİYA

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonuna səfər edib. SİA-nın verdiyi məlumata görə, dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qusar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyevə abidənin ətrafında görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, abidənin yerləşdiyi Heydər Əliyev Xatirə Kompleksində Heydər Əliyev Mərkəzi, uşaq əyləncə meydanı, ictimai iaşə obyekti inşa olunmuş, geniş abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq zolaqları salınıb. Abidənin yaxınlığında inşa olunmuş Heydər Əliyev Mərkəzi möhtəşəmliyi ilə kompleksin görkəminə xüsusi yaraşıq verir.

Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.

Bildirilib ki, Heydər Əliyev Mərkəzinin ikimərtəbəli binasının tikintialtı sahəsi 1060, ümumi sahəsi 1420 kvadratmetrdir. Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyindəki fotoşəkillər və sənədlər ümummilli liderin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir. Muzeydə ulu öndərin büstü qoyulub. Buradakı fotolardan aydın görünür ki, ümummilli lider istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə gələcəyə hesablanan siyasət reallaşdırıb, Vətəninin və xalqının rifahı naminə mühüm işlər görüb. Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkəmiz tənəzzül dövründən tərəqqi mərhələsinə qədəm qoyub. Məhz bu dövrdə Azərbaycanın beynəlxalq nüfuzu artmağa başlayıb, respublikamız regional və beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarına çevrilib və onları reallaşdırıb. Bu gün ölkəmizdə bütün sahələrdə müşahidə olunan uğurlu inkişafın təməlində Heydər Əliyevin müdrik siyasi zəkası və uzaqgörənliyi durur. Ötən dövrə nəzər saldıqda dahi rəhbərin mədəniyyət, təhsil, səhiyyə, idman, ordu quruculuğu, bir sözlə, bütün sahələrin inkişafındakı tarixi xidmətlərinin şahidi oluruq.

Dövlətimizin başçısına məlumat verilib ki, Heydər Əliyev Mərkəzində internet klub və kafe də fəaliyyət göstərir. Burada 12 kompyuter istifadəçilərin ixtiyarına verilib. Mərkəzdə iclas zalı və elektron kitabxana yaradılıb. Bu kitabxana çoxlu sayda müxtəlif ədəbiyyatlarla zənginləşdirilib. Kitabxanada quraşdırılan 16 kompyuterdən istifadə etməklə istənilən elektron kitabı oxumaq mümkündür. Mərkəzdə yaradılmış rəsm və xalçaçılıq dərnəkləri gənc nəslin qədim adət-ənənələrimizə bağlılığını artırır, onların rəsm və xalçaçılığın sirlərini öyrənmələrinə yardımçı olur.

Prezident İlham Əliyev Mərkəzdəki 118 yerlik kinozal ilə tanış olub.

Sonra dövlətimizin başçısı mərkəzin ikinci mərtəbəsindən ətrafı seyr edib. Azərbaycan Prezidentinə kompleksin ərazisində görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Daha sonra Prezident İlham Əliyev kompleksin ərazisində inşa olunmuş kafedə yaradılan şəraitlə tanış olub. Bildirilib ki, kafedə sakinlərin istirahəti üçün hər cür şərait vardır.

Prezident İlham Əliyev kafenin yay meydançasından Qusar şəhərinin mənzərəsini seyr edib. Dövlətimizin başçısına Qusarda görülmüş işlər, eləcə də gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.

Kompleksin ərazisində yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev tövsiyə və tapşırıqlarını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə