Siyavuş Novruzov: “Yeni yaradılan qurum Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi çərçivəsində həyata keçirilən tədbirlərdən biridir”

Siyavuş Novruzov: “Yeni yaradılan qurum Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi çərçivəsində həyata keçirilən tədbirlərdən biridir”

\"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tək Müdafiə Nazirliyinin müvafiq qurumunun deyil, Azərbaycanda olan bütün silahlı qüvvələrə kadrların hazırlanması və səfərbər olunub göndərilməsi ilə məşğul olacaq\". SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, Dövlət Xidməti hərbi xidmətə yararlı insanları müəyyənləşdirib, müvafiq komissiyalardan keçirdikdən sonra hər bir hərbi qurumun verdiyi sifariş əsasında ora göndərəcək. O, qeyd edib ki, çağırış qanun əsasında əvvəlki qaydada aparılacaq: "Yeni dövlət xidmətinin yaradılması Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi çərçivəsində həyata keçirilən tədbirlərdən biridir. Dövlət xidməti həqiqi hərbi xidmətə çağırışla yanaşı, ehtiyatda olan hərbi vəzifəli şəxslərin toplanışlara çağırılmasını da təmin edəcək. Toplanışların keçirilməsinə bu gün böyük ehtiyac var. Ehtiyatda olan mütəxəssislər hərbi sahədə yeniliklər barədə məlumatlı olmalıdır".

S. Novruzov həmçinin Müdafiə Nazirliyinin tərkibində olan Səfərbərlik İdarəsinin ləğv olunmayaraq qurumun daxilində olan məsələlərlə məşğul olacağını qeyd edib: "Yeni dövlət qurumunun yaradılmasına baxmayaraq, Silahlı Qüvvələrin Baş Qərargahının Təşkilat və səfərbərlik idarəsi ləğv olunmayacaq. Nazirlər Kabinetinin qərarı ilə hər çağırış dövründə yaradılan Respublika Çağırış Komissiyasının ləğvi də nəzərdə tutulmur. Bu komissiya qanunla yaradılır. Bir növ həm də çağırışa ictimai nəzarəti həyata keçirir".

Onun sözlərinə görə, xidmət insanlarla yanaşı, hərbi sahəyə aid olan hər şeyin qeydiyyatını aparmalıdır, qlobal hadisə baş verəndə insanların haraya evakuasiya olunacağını müəyyənləşdirməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə