Sürüşmə ilə bağlı yanvarın 29-da təcili tibbi yardım stansiyalarına daha çox müraciət daxil olub

Sürüşmə ilə bağlı yanvarın 29-da təcili tibbi yardım stansiyalarına daha çox müraciət daxil olub

Paytaxtda yağan qar nəticəsində yolların buzlaması ilə əlaqədar son iki gündə 35 nəfər sürüşmə nəticəsində müxtəlif dərəcəli xəsarət alıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovun SİA-ya verdiyi xəbərə görə, yanvarın 28-də sürüşmə nəticəsində 24 nəfər travma alıb ki, onlardan da 23-ü xəstəxanada yardım göstərilib. Yanvarın 29-dan bugünə kimi isə sürüşmə nəticəsində 11 nəfər xəsarət alıb və onlardan 7-si xəstəxanaya gətirilib.

Yanvarın 29-da təcili tibbi yardım stansiyalarına daha çox müraciət daxil olduğunu deyən M.Həmidov vurğulayıb ki, həmin gün müraciətlərin sayı 1435 olub. Onun sözlərinə görə, yanvarın 28-də təcili tibbi yardım stansiyalarına 1313 belə çağırış daxil olub.

"Sürüşmə nəticəsində müraciət edən şəxslərdə əsasən sınıq, çıxıq, əzilmə olub. Lakin xəstəxanaya yerləşdirilənlərin bəziləri ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Hazırda Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası adi rejimdə öz fəaliyyətini davam etdirir", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə