\"Azərbaycan-Türkiyə əlaqələri son 20 ildə: uğurlar və imkanlar\" adlı kitabın təqdimat mərasimi keçirilib
Tədbirdə çıxış edən Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva bildirib ki, Fransa Senatında \"erməni soyqırımı\"nın inkarına görə cəza nəzərdə tutan qanun layihəsinin qəbul olunması Azərbaycan və Türkiyənin bir yerdə olmasının vacibliyini bir daha ortaya çıxarıb. O, kitabda dərc olunan məqalələrdə Azərbaycanla Türkiyə arasında olan əlaqələrə geniş şərh verildiyini qeyd edib.
Tədbirdə ATİB rəhbəri Fatimə Aslan kitabın Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına yönələn nəşr olduğunu deyib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə çıxışında bildirib ki, Azərbaycan Türkiyə ilə dost deyil, qardaşlıq münasibətində olduğunu bir daha sübut edərək Fransa Senatının qanunu qəbul etməsindən dərhal sonra Türkuiyə ilə bir yerdə olduğunu bəyan edib. \"İstənilən qüvvə bilməlidir ki Azərbaycan və Türkiyə hər zaman gücü bir yerə vuracaq\",- deyə o bildirib. Aslanov qeyd edib ki, Türkiyə Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Ermənistanla sərhədi bağlayıb. Onun sözlərinə görə, bu, dünyada birliyə bir örnəkdir. PA rəsmisi bildirib ki, qardaşlıq nümunəsi olaraq Xocalı faciəsinin 20 illiyi münasibəti ilə \"Hər birimiz azərbaycanlıyıq\", \"Hər birmiz xocalılıyıq\" şüarları İstanbulda eşidiləcək.
Tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib ki, Fransa Senatı məlum qanunu qəbul etməklə türk millətinə ləkə vurmaq niyyətindədir. Onun sözlərinə görə, qəbul olunan qanun bölgədə nifrətin yaranmasına səbəb olacaq. Kılıç qeyd edib ki, hazırkı problem Türkiyə və Azərbaycanın qardaşlığını bir daha sübut etdi. \"Əsl qardaşlıq, dostluq çətin gündə görünər\", - o deyib. Səfir Fransa Senatının 20 il öncə baş vermiş Xocalı qətliamını görməyərək, 100 il əvvəl baş verdiyi iddia olunan və sübuta yetirilməmiş bir məsələ haqqında qərar qəbul etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB