Elnur Aslanov: “Fransa Senatının qərarı demokratiya prinsiplərinə ziddir”

Elnur Aslanov: “Fransa Senatının qərarı demokratiya prinsiplərinə ziddir”

\"Fransa senatının qondarma "erməni soyqırımının" kriminallaşdırılması üzrə qərarı əsas demokratiya prinsiplərinə ziddir və insanın söz və fikir ifadəsinə olan təbii hüquqlarının pozulması deməkdir\". SİA-nın verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

O qeyd edib ki, bu gün hətta fransız siyasətçilərin bir qrupunun yanaşması ilə razı olmayan Fransa vətəndaşları belə şəxsiyyətə təzyiq atmosferinə düşməli olurlar.

"Beləliklə, Fransada ifadə azadlığı ölkələrinin strateji maraqları deyil, seçki prosesinin konyunkturasından çıxış edən az sayda siyasətçilər qrupunun nəzarəti altına düşüb".

Elnur Aslanov təəssüflə qeyd edib ki, belə qərarlar özünü "demokratiyanın beşiyi" adlandıran və başqalarını necə yaşamağa öyrətməyə çalışan ölkələrdə qəbul olunur.

"Bu prosesdə qərarın qəbulu zamanı daha rasional yanaşma məsələnin müzakirəsinin tarixçilərə verilməsindən ibarət idi. Türkiyə tərəfinin dəfələrlə bu barədə danışmasına baxmayaraq, erməni tərəfi daim Türkiyənin bu təklifindən imtina edib",- deyə o bildirib.

Həmçinin o, vurğulayıb ki, fransalı senatorların belə addımları Türkiyə və Ermənistan arasında münasibətlərdəki onsuz da çətin və birmənalı olmayan vəziyyəti daha da ağırlaşdırır, mümkün normallaşmanın qarşısını alır, həmçinin hakimiyyətdə olan erməni millətçilərinin əl-qolunu açır: "Mahiyyət etibarilə, Sürix prosesinin sponsorlarının erməni-türk normallaşması üçün nəzərdə tutduqları milyonlarla dollar vəsait, yüzlərlə görüş və mətbuat turları boş-boşuna sərf olunub.

"Soyqırımın" tanınması Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasına gətirəcəkmi? Cavab birmənalıdır. Bir sözlə, Fransa Ermənistanı regionda yazıq və inteqrasiyadan kənar mövcudluğa məhkum edib".

Onun fikrincə, digər tərəfdən, belə məntiqdən çıxış edən fransalı senatorlar həmçinin Xocalının dinc əhalisinin soyqırımını da tanımalıdırlar – orada erməni vandalları tərəfindən 600-dən çox insan qətlə yetirilib: "Öz növbəsində Azərbaycan daim Türkiyəni dəstəkləyib və bundan sonra da dəstəkləyəcək, biz Senatın belə bir qərar qəbul etməsini pisləyirik. Belə qərarlar çətin unudulur".


Bütün xəbərlər Facebook səhifəmizdə