Azərbaycan XİN: “Azərbaycan 2011-ci ildə regionun aparıcı ölkəsi olaraq, regional inkişafa tövhə verib”

Azərbaycan XİN: “Azərbaycan 2011-ci ildə regionun aparıcı ölkəsi olaraq, regional inkişafa tövhə verib”

Ötən 2011-ci il beynəlxalq səviyyədə qarşılıqlı fəaliyyətin və əməkdaşlığın artması fonunda mürəkkəb və ziddiyyətli olmuş və dünyanın sabitliyi və inkişafına ciddi təhlükə yaradan böhranlı vəziyyətlərin və qarşıdurmaların yaranması ilə yadda qalıb. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2011-ci il üçün yekun mətbuat buraxılışında göstərilib. Bildirilib ki, xüsusən, Şimali Afrika və Yaxın Şərq regionunda bəzi vaxtlarda vətəndaş müharibəsinə belə səbəb olan sosial narazılıq dalğaları, nüvə silahının yayılması problemi ətrafında gərginlik, davam edən regional münaqişələr, maliyyə böhranı tendensiyaları müasir dünyanın kövrəkliyini və qarşılıqlı asılılığını tam olaraq əks etdirmiş oldu. Digər tərəfdən, bütün bu tendensiyalar həlli yalnız geniş beynəlxalq formatda, qlobal və regional səviyyələrdə mümkün olan vəzifələri şərtləndirib.

Eyni zamanda beynəlxalq sülh, əməkdaşlıq, şəffaflıq və çoxşaxəlilik prinsiplərinə sadiq olan Azərbaycan Respublikası 2011-ci ildə sülhə, təhlükəsizliyə və sabitliyə qarşı təhdid və risklərlə mübarizədə beynəlxalq səylərə fəal şəkildə cəlb olunub, məqsədyönlü və davamlı olaraq ən müxtəlif sahələrdə beynəlxalq əlaqələrin dəstəklənməsi və genişlənməsi siyasəti aparıb, qlobal və regional qarşılıqlı fəaliyyət proseslərində effektiv iştirak edib, dünya arenasında özünü əhəmiyyətli və çox faydalı oyunçu kimi göstərib: "Sözsüz ki, ölkənin beynəlxalq fəaliyyəti və xarici siyasəti Azərbaycan diplomatiyasının əsas səylərini və resurslarını cəmləşdirərək, hər şeydən əvvəl milli prioritetlərə, o cümlədən ərazi bütövlüyünün bərpasına, dövlətçiliyin möhkəmlənməsi maraqlarına, müdafiə qabiliyyətinə, sosial həmrəylik və demokratiyaya və davamlı inkişafa yönəldilib".

2011-ci il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə danışıqlar davam etdirilib. Belə ki, il ərzində davam etmiş danışıqlarda Azərbaycan ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpası, işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən çıxarılması, yurdundan didərgin düşmüş məcburi köçkünlərin öz evlərinə qayıtması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmasının sülh şəraitində birgə yaşayışının təmin edilməsi, ərazilərin bərpası və kommunikasiyaların açılması və sonrakı mərhələdə hər iki icmanın iştirakı ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ bölgəsinin statusunun müəyyənləşməsi mövqeyindən çıxış edib: "Azərbaycan tərəfi işğal edilmiş ərazilərdə təbii sərvətlərin və mədəni irsin talan edilməsi, qeyri-qanuni məskunlaşdırma, məcburi köçkünlərin mülkiyyət hüquqlarının pozulmasına beynəlxalq hüquqi-siyasi qiymətin verilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətini davam etdirib. Azərbaycan tərəfinin təşəbbüsü ilə 2010-cu ilin 6-13 oktyabr tarixlərində işğal olunmuş ərazilərə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rəhbərliyi altında təşkil edilmiş beynəlxalq dəyərləndirmə missiyasının hesabatı cari ilin mart ayında açıqlanıb. Hesabatda Azərbaycan tərəfinin narahatlığının əsaslı olduğu, işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşma faktlarının aşkarlandığı, yaşayış məntəqələrinin talan edildiyi öz əksini tapmışdır. Dəyərləndirmə missiyası bölgədəki status quonun qəbuledilməz olduğunu bir daha təsdiq edib. Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində, dünya birliyinin daha qətiyyətli və ardıcıl mövqedən çıxış etməsi və Ermənistanı beynəlxalq birliyin nüfuzlu üzvləri olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təklif etdiyi başlıca prinsiplər əsasında münaqişənin bir dəfəlik həllini nəzərdə tutan yekun sülh sazişi üzərində işə başlamasına vadar etməsinə ümid bəsləyir".

Yükun buraxlışda həmçinin vurğulanıb ki, 2011-ci ildə Azərbaycan Respublikası mötəbər qlobal və regional təşkilatların işində fəal iştirakını və səmərəli əməkdaşlığını davam etdiib: "Ölkəmiz 24 oktyabr 2011-ci il tarixində keçirilən 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilərdə BMT üzv dövlətlərinin 155-nin dəstəyini qazanaraq qalib gəlib. Bu qələbə Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük qələbələrdən biri olmaqla Azərbaycanın son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz göstəricisi olaraq qəbul edilməlidir. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bəyanatında qeyd etdiyi kimi, "Müstəqilliyimiz dövründə – 20 il ərzində belə böyük uğurun əldə edilməsi doğrudan da tarixi nailiyyətdir". SSRİ-nin dağılmasından bu yana Azərbaycan bu mötəbər quruma qeyri-daimi üzv olan 2-ci (Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda isə ilk) post-sovet ölkəsidir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü 2012-ci il 1 yanvar tarixindən başlayacaq və 2013-cü il dekabrın 31-ə qədər davam edəcək. Bu iki il müddətində Azərbaycan ilk dəfə 2012-ci ilin may ayında və növbəti dəfə əlifba sırasına uyğun olaraq, 2013-cü il ərzində Təhlükəsizlik Şurasının sədri funksiyalarını yerinə yetirəcəkdir.

Aparılan məqsədyönlü və səmərəli işin nəticəsi olaraq, Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali şəhərində Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransında hərəkatın üzvü seçilib.

Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünün Təşkilata üzv dövlətlərlə səmərəli əməkdaşlığın genişləndirilməsinə xidmət edəcəyini və Azərbaycanın Hərəkatın beynəlxalq münasibətlər sistemindəki konstruktiv rolunun artırılmasında öz səylərini əsirgəməyəcəyinə əminlik ifadə edən hərəkatın 118 üzvü birtərəfli qaydada Azərbaycana dəstək nümayiş etdiriblər.

Qoşulmama Hərəkatına tam hüquqlu üzv olan Azərbaycan Respublikası Hərəkatın prinsiplərinə və məqsədlərinə bağlı olduğunu bəyan etmişdir. Təşkilata tam hüquqlu üzvlük 2012-2013-cü illər üçün BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizəd olan ölkəmizin Asiya (53 üzv dövlət), Afrika (38 üzv dövlət) və Latın Amerikası (26 üzv dövlət) ölkələrindən dəstək alması işində əhəmiyyətli addım olub və Azərbaycan seçkilərdə hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvü seçilib.

İl ərzində Azərbaycanın BMT və digər beynəlxalq təşkilatların seçki strukturlarında daha yaxşı təmsilçiliyinin təminatı üzrə iş aparılması diqqət mərkəzində oluv. Azərbaycan ötən ildə YUNESKO-nun 36-cı sessiyası zamanı təşkilatın bir neçə vəzifə və alt-qurumlarına üzv seçilməyə nail olub. Belə ki, sessiya çərçivəsində ölkəmiz yekdilliklə Baş Konfrasın vitse-presidentlərindən biri seçilmişdir. Eyni zamanda, təşkilatın nəzdində fəaliyyət göstərən Fiziki təhsil və idman üzrə hökumətlərarası komitəyə, eləcə də Qeyri-qanuni mənimsənilən mədəni mülkiyyətin restitusiyası və mənsub ölkəyə qaytarılmasının təşviq edilməsi üzrə hökumətlərarası komitəyə, habelə Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il konvensiyasının ikinci protokolunun iştirakçı dövlətlərinin 4-cü iclasının müvafiq komitəsinə dörd il müddətinə üzv seçilməyə müvəffəq olub. 22-29 noyabr 2011-ci il tarixlərində İndoneziyanın Bali adasında keçirilmiş Qeyri-maddi irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 6-cı sessiyası zamanı Azərbaycan Komitənin vitse-prezidenti seçilib. Bununla yanaşı, BMT-nin İnsan hüquqları şurasının məsləhətçi komitəsinin prezidenti vəzifəsinə Azərbaycan nümayəndəsi seçilib".

2011-ci ildə ölkəmiz digər mötəbər beynəlxalq təşkilat olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə də ənənəvi yüksək əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi önəm verib.İƏT çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması üzrə Azərbaycanın tutduğu ədalətli mövqeyi bir daha bütün üzv ölkələr tərəfindən dəstəklənmiş və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü", "Azərbaycana iqtisadi yardımın göstərilməsi", həmçinin "Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində İslam tarixi və mədəniyyəti abidələrinin məhv edilməsi və dağıdılması" haqqında qətnamələr yekdilliklə qəbul edilib- deyə bildirilir.

Azərbaycanın xarici siyasət kursunda Avropa və Avro-Atlantik strukturlar ilə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin inkişafı prioritet sahələrdən birini təşkil etdiyindən, ölkəmiz bu istiqamətdə də uğurlu fəaliyyətini davam etdirib: "2011-ci ildə Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətləri xüsusilə intensiv qarşılıqlı yüksək səviyyəli səfərlərin baş tutması ilə əlamətdar olmuş, həmçinin tərəflər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində sənədlərin imzalanması ilə müşahidə olunub

Avropa Komissiyasının Prezidenti Xose Manuel Durao Barrosonun Azərbaycan Respublikasına səfəri çərçivəsində 13 yanvar 2011-ci il tarixində "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Jose Manuel Durao Barroso tərəfindən Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə", "Azərbaycan Respublikası və Avropa Komissiyası arasında Hərtərəfli İnstitusional Quruculuq Proqramının Çərçivə Sənədi üzrə Anlaşma Memorandumu" və "Azərbaycan Respublikası və Avropa Komissiyası arasında 2011-2013-cü illər üzrə Milli İndikativ Proqrama dair Anlaşma Memorandumu" imzalanıb. Aİ ilə ölkəmiz arasında ikitərəfli əməkdaşlıq təsisatlarının iclasları konstruktiv və səmərəli olaraq Brüsseldə və Bakıda keçirilərək davam etdirilmiş, tərəflər arasında tərəfdaşlıq üzrə siyasi, iqtisadi və humanitar istiqamətlər üzrə məsələlər müzakirə olunaraq ümumi maraq kəsb edən sahələri əhatə edib.

Avropa İttifaqı Şurası tərəfindən 9 dekabr 2011-ci il tarixində readmissiya və viza rejiminin sadələşdirilməsi ilə bağlı Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında danışıqların aparılması üzrə Avropa Komissiyasına mandat verilib. Aİ ilə münasibətlər müstəvisində ölkəmiz 2011-ci il ərzində Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı formatında fəal iştirakını davam etdirib.

2011-ci ildə ölkəmizin Avropada mötəbər təşkilatlardan biri olan Avropa Şurasında üzvlüyünün 10-cu ildönümünün qeyd edilməsi ərəfəsində, Avropa Şurasının Nazirlər Komitəsinin qərarı ilə Azərbaycanda insan hüquqlarının müdafiəsi, demokratikləşdirmə və qanunun aliliyi sahəsində əldə edilmiş nailiyyətlərə qiymət verilərək, ölkəmizə münasibətdə 2001-ci ildən etibarən tətbiq olunan Aqo adlandırılan xüsusi monitorinq mexanizmi aradan qaldırılıb. Eyni zamanda, Avropa Şurası Parlament Assambleyasının 2011-ci ilin 28 yanvar tarixində keçirilmiş iclasında Dağlıq Qarabağ üzrə ad hoc komitəsinin fəaliyyətinin bərpa edilməsinə dair qərar yekdilliklə (Ermənistan nümayəndə heyəti istisna olmaqla) qəbul edilib.

Azərbaycanın NATO ilə də tərəfdaşlıq münasibətləri inkişaf etdirilmişdir. Siyasi dialoq zamanı müdafiə sahəsində islahatlar, praktiki əməkdaşlıq, regionda təhlükəsizlik məsələləri, Azərbaycan-NATO münasibətlərinin gələcək inkişafı, o cümlədən Fərdi Tərəfdaşlıq Planının 3-cü mərhələsinin başlanması, əməliyyatlar, enerji təhlükəsizliyinə dair məsələlər müzakirə edilib. Bununla yanaşı, NATO-nun Mənzil Qərargahında enerji təhlükəsizliyi üzrə "28+1" (NATO üzv ölkələri və Azərbaycan) formatında iclas keçirilib.

NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (FTƏP) 3-cü dövrəsinin başlanılması istiqamətində aparılan müzakirələrin nəticəsi olaraq, 2011-ci ilin dekabr ayının 20-də FTƏP-in 3-cü dövrə sənədi qəbul olunub".

2011-ci ildə Azərbaycan Əfqanıstan üzrə beynəlxalq siyasi proseslərdə fəal iştirak edərək, ölkə rəsmiləri Almaniyanın Berlin şəhərində keçirilən NATO-nun ISAF (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) əməliyyatına tövhə verən dövlətlərin xarici işlər nazirləri səviyyəsində qeyri-formal iclasda və Bonn şəhərində keçirilən Əfqanıstan üzrə Beynəlxalq Konfransda, eləcə də NATO Mənzil Qərargahında Şimali Atlantika Şurasının ISAF-a tövhə verən qeyri-NATO dövlətləri ilə xarici işlər nazirləri səviyyəsində keçirilən iclasında iştirak ediblər: "Çoxtərəfli beynəlxalq əməkdaşlıq münasibətlərimiz bir sıra regional təşkilatlar, o cümlədən AQEM, MDB, GUAM, QDİƏT, İKT və s. çərçivəsində də davamlı olaraq inkişaf etdirilib. Regional təşkilatlarla qarşılıqlı öhdəlik, anlaşma və əməkdaşlıq ruhunda artan əməkdaşlığımızın gücləndirilməsi bu təsisatlar çərçivəsində ölkəmizin nüfuzunun təşviqi və maraqlarının təminatı ilə yanaşı, beynəlxalq ictimai rəyin düzgün formallaşdırılması və istiqamətləndirilməsi baxımından da faydalı olub.

Regional məsələlərin müzakirəsi və ölkələr arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə 2011-ci ildə Almatı şəhərində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Birinci Zirvə Toplantısı çərçivəsində TDƏŞ-in Dövlət Başçıları Şurasında (DBŞ) "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə Toplantısının Bəyannaməsi" və "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Prosedur Qaydaları"nın təsdiq edilməsi haqqında Qərar imzalanmış və "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Prosedur Qaydaları", "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin heyəti haqqında Əsasnamə" və "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının himayəsi altında fəaliyyət göstərən Türkdilli Dövlətlərin Ağsaqqallar Şurasının Əsasnaməsi" TDƏŞ-in Xarici İşlər Nazirləri Şurası (XİNŞ) tərəfindən qəbul edilib".

Ötən il ərzində, Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun qurulmasında da oynadığı rol artıb: "2011-ci ilin aprel ayında Bakıda BMT, Avropa Şurası, YUNESKO, İSESKO və "Avronyus"-un dəstəyi ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Forumda mədəniyyətarası dialoqun konseptual, idarəçilik, siyasi və praktiki aspektləri müzakirə olunmuş, təcrübə mübadiləsi aparılıb. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevə, dünyanın müxtəlif ölkələrindən gələn siyasi, ictimai, elm və təhsil xadimləri, jurnalistlər və QHT-lərin nümayəndələri iştirak ediblər. 31 may – 02 iyun 2011-ci il tarixlərində Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Hökumətinin dəstəyi ilə YUNESKO, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası və AMEA tərəfindən təşkil olunan tədbirdə 80-ə yaxın xarici qonaq, o cümlədən YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin ekspertləri, YUNESKO-nun əməkdaşları, məruzəçilər və müşahidəçilər, eyni zamanda, Azərbaycan Hökumətinin nümayəndələri, elm xadimləri, Azərbaycanda akkreditə olunan diplomatik korpusun təmsilçiləri və mütəxəssislər iştirak ediblər.

10-11 oktyabr 2011-ci il tarixlərində AR Prezidenti İlham Əliyev və RF Prezidenti Dmitri Medvedevin himayəsi altında Bakı Beynəlxalq Humanitar Forumu keçirilmişdir. Forumda 30-dan çox ölkədən 300-ə yaxın nümayəndə, o cümlədən sabiq dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, Milli Elmlər Akademiyalarının prezidentləri, Nobel mükafatı laureatları, tanınmış ictimai xadimlər, sənətçilər, media nümayəndələri və digər yüksək səviyyəli qonaqlar, o cümlədən YUNESKO-nun keçmiş Baş direktoru Koiçiro Matsuura və təşkilatın Baş direktor müavini Yanis Karklinş, YUNESKO Moskva Ofisinin direktoru Dendev Badarç və YUNESKO üzrə bir sıra ölkələrin Milli Komissiyalarının məsul katibləri iştirak ediblər".

Bütövlükdə, 2011-ci il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici dövlətlərə dövlət, rəsmi və işgüzar səfərləri, habelə xarici dövlətlərin başçılarının Azərbaycan Respublikasına rəsmi səfərləri, Azərbaycan Respublikasının xarici ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyalarının iclasları, o cümlədən digər səviyyələrdə rəsmi səfərlər mübadiləsi nəticəsində 40-dan artıq dövlətlə 120-yə yaxın ikitərəfli beynəlxalq sənədin razılaşdırılıb imzalanması və sonradan müvafiq qaydada hüquqi qüvvəyə minməsi təmin edilib: "Enerji siyasətinin xidmət etdiyi iqtisadi diplomatiyamızın əsas vəzifəsi ötən illərdə olduğu kimi, bu ildə də Azərbaycan Respublikasının dinamik və davamlı inkişafı istiqamətində ölkəmizin regional və beynəlxalq aləmdə artan nüfuzunun və milli maraqlarımıza cavab verən əlverişli mühitin təmin edilməsi olub. Azərbaycan 2011-ci ildə regionun aparıcı ölkəsi olaraq, regional inkişafa tövhə verib".

Ölkəmiz tərəfindən Qazaxıstanın Aktau şəhərində keçirilmiş "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası"nın Tərəf Dövlətlərinin Üçüncü Konfransı çərçivəsində "Neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında Protokol"-un imzalanması tədbirin yüksək əhəmiyyət və məhsuldarlığının göstəricisi olub. 2011-ci ildə xarici ölkələrdə baş vermiş təbii fəlakətlər ilə bağlı və inkişafa dəstək çərçivəsində Azərbaycan tərəfindən xarici ölkələrə edilən maliyyə və texniki yardımların, habelə beynəlxalq təşkilatlara edilən ianələrin çoxalması ölkəmizin beynəlxalq arenada nüfuzunun artmasına xidmət etmiş və xarici siyasət sahəsində əldə olunmuş nailiyyətlərdə bu sahədə aparılmış məqsədyönlü siyasət özünəməxsus rol oynayıb.

İl ərzində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən dövlətimizin uğurlu xarici siyasət kursunun həyata keçirilməsinin vacib istiqamətlərindən biri də xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və soydaşlarımızın hüquqlarının müdafiəsi və onlara göstərilən konsulluq xidmətlərinin səmərəliliyinin və intensivliyinin artırılması, ümumilikdə isə bu istiqamətdə xarici dövlətlərlə diplomatik və konsulluq əlaqələrinin inkişafına təkan verilməsinə yönələn fəaliyyət təşkil edib.

2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Latviya, Rusiya, İtaliya, Serbiya, Sloveniya, Belçika, Qazaxıstan, Polşa, İsveçrəyə dövlət, rəsmi və işgüzar səfərləri, Bolqarıstan, Macarıstan, Qazaxıstan, Türkiyə, Avstriya, Fələstin, Monteneqro, Polşa, Sloveniya, Serbiya, Çexiya, Ukrayna, Rumıniya, Litva, Yunanıstan, Bolqarıstan, Macarıstan, İsveçrə, Fransa, Belarus, Dominika, Sent Vinsent və Qrenadin dövlət və hökumət başçılarının Azərbaycana həyata keçirdikləri səfərlər, birgə hökumətlərarası komissiyaların və işçi qruplarının iclasları, XİN-lərarası siyasi məsləhətləşmələr ikitərəfli əməkdaşlığın dərinləşməsini təmin edib: " İl ərzində Azərbaycanda Serbiya Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin diplomatik nümayəndəlikləri fəaliyyətə başlayıb. Azərbaycan diplomatik nümayəndəliklərinin əhatə dairəsi də genişlənmiş və il ərzində Cənubi Afrika Respublikasında səfirlik, Bosniya və Herseqovinada diplomatik ofis fəaliyyətə başlayıb. Eyni zamanda Solomon adaları, Trinidad və Tobaqo ilə diplomatik əlaqələr qurulub".

İlin yekunları Azərbaycan Respublikası tərəfindən həyata keçirilən xarici siyasətin təsir qüvvəsini, optimallığını və tarazlılığını təsdiq edir. Belə ki, dövlətimizin BMT-nin aparıcı orqanlarından olan Təhlükəsizlik Şurasına ikiillik müddətə seçilməsini və beynəlxalq strukturlar və xarici ölkələrlə ikitərəfli və çoxtərəfli səviyyədə bərabər və faydalı münasibətlərin mütərəqqi inkişafını qeyd etmək kifayətdir: "Bununla dövlətimiz daxili sabitlik, iqtisadiyyatın inkişafı, sosial sahənin, enerji təhlükəsizliyinin möhkəmlənməsi, demokratik proseslərin və institutların inkişafı, mədəni və humanitar əlaqələrin genişlənməsi üçün lazımi sabit xarici şəraiti təmin edə bilib. Eyni zamanda, əldə edilmiş nəticələr yaxın perspektiv üçün yeni vəzifələr qoyur və Azərbaycanın uzunmüddətli maraqlarının reallaşması baxımından yeni imkanlar açır. Qarşımızda ölkəmizin nüfuzunu və təsir imkanlarını daha da artırmaq, əldə edilmiş mövqelərdən və qazanılmış diplomatik potensialdan effektiv şəkildə istifadə etmək vəzifəsi durur. Bütün bunlar isə öz növbəsində, Ermənistan-Azərbaycan münaqişəsinin işğal edilmiş ərazilərin azad olunması və Azərbaycanın işğal olunmuş əraziləri, o cümlədən Dağlıq Qarabağ bölgəsi üzərində suveren hüquqlarının bərpası şərti ilə tənzimlənməsi, çoxtvektorlu siyasətin davam etdirilməsi, beynəlxalq əməkdaşlıq platformasının möhkəmləndirilməsi və dövlətimizin beynəlxalq proseslərə cəlb olunması istiqamətində səfərbər olunacaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə