Fransa yenidən başqa formatda dəyərlər yaradır?!

Fransa yenidən başqa formatda dəyərlər yaradır?!

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin əməkdaşı Turab Qurbanov siyasi elmlər doktoru olduğu Fransanın Sorbon Universitetinin professorlarına məktub ünvanlayıb.

Məktubda Turab Qurbanov Fransa parlamentinin aşağı palatası - Milli Assambleyada "Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan" qanun layihəsinin müzakirəsinə münasibət bildirib.

Turab Qurbanov məktubunda deputatların arqumentlərini, mövqelərini, fikirlərini səbirlə dinlədiyini və Sorbon Universitetində öyrəndiyi metodologiyalardan istifadə edərək analiz etməyə çalışdığını bildirib, ancaq ilk dəfə olaraq təhlillər nəticəsində qəribə məntiqsizlik alındığını, bəzi məsələləri anlamaqda çətinlik çəkdiyini vurğulayıb. O, fransalı həmkarlarına hələ Türkiyənin Mərmərə Universitetində təhsil aldığı siyasət və dövlət idarəçiliyi bölməsində fransız müəllimlərini həvəslə dinlədiyini, müstəqilliyini yenidən bərpa etmiş bir ölkənin vətəndaşı olaraq Jan-Jak Russonun, Robespyerin, Volterin, Didronun və başqalarının fəlsəfi düşüncələrini orijinaldan oxuduğunu bildirib. Sorbon Universitetində beynəlxalq münasibətlər üzrə təhsilini davam etdirdiyini, bu sahədə biliklərini daha da dərinləşdirdiyini, magistraturanı müvəffəqiyyətlə başa vurduqdan sonra isə beynəlxalq münasibətlər sahəsində korifeylərdən sayılan, professor Şarl Zorqbibin təkidi ilə doktoranturada saxlandığını, siyasi elmlər doktoru elmi dərəcəsinə layiq görüldüyünü qeyd edib. Turab Qurbanov bütün bunların onun nəzərində Fransanın akademik mühitinin dəyərini daha da ucaltdığını vurğulayıb.

Azərbaycanlı alim ölkəmizdə Sorbon Universitetinə böyük dəyər verildiyini bildirib, bu ali təhsil ocağının adının onu ölkənin ən ali qurumu olan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinə yüksəltdiyini, dövlət rəhbərliyinin Fransaya, onun təhsilinə verdiyi əhəmiyyətdən irəli gəldiyini, dövlətimizin daxili və xarici siyasətində qərbyönümlülüyü əsas götürdüyünü diqqətə çatdırıb.

Məktubda daha sonra bildirilir: "Ancaq indi vəziyyət bir qədər mürəkkəbləşmişdir. Çünki Fransa Milli Assambleyasının məlum qanun layihəsini qəbul etməsindən sonra Azərbaycanda dövlət idarəçiliyi sahəsində ixtisaslaşan gənc məmurlara Fransa siyasi-inzibati sistemini necə nümunə göstərim ki, orada dövlətin və xalqın ali maraqları hansısa siyasilərin şəxsi maraqlarına qurban verilir?! Mən Fransada təhsil almaq istəyən azərbaycanlı gənclərə Fransanın təhsil sistemini necə tərənnüm edim ki, o ölkədə artıq elmə elm adamlarının elmi tədqiqatlarının nəticələri deyil, siyasətçilərin qərarları yön verir?! Mən demokratiyanın rəmzi kimi Fransanı necə nümunə göstərim ki, o ölkənin 557 deputatı olan Milli Assambleyasında 35 deputatın səsi ilə qanun qəbul edilir. Mən hansı hüquq dövlətindən bəhs edim ki, qəbul olunan qanun mənə öyrətdiyiniz Qərb hüquq məntiqinə sığmır. Mən Fransada necə söz azadlığından bəhs edim ki, orada elm adamları, siyasətçilər, diplomatlar, sıravi vətəndaşlar öz mövqeyini bildirdiyinə görə 45 min avro cərimə və ya 1 il həbs cəzası təhlükəsi ilə qarşı-qarşıya qalır?! Çünki bu cür qadağalar mənə valideynlərimin 70 il yaşadığı və mənim fransalı professorların kitablarından oxuduğum sovet totalitar rejimini xatırladır".

Turab Qurbanov məktubunda gələn həftə Senatın müzakirəsinə çıxarılacaq bu qərarın Fransanın, həmçinin bütün Avropa İttifaqı ölkələrində qəbul edilməsinə çalışdığını da qeyd edərək sual verir: "Sizcə, yuxarıda adlarını qeyd etdiyim Russo, Robespyer, Volter, Tokvil, Monteskyö, Didro kimi dahi fransız mütəfəkkirlər bu gün Milli Assambleyada, Senatda otursaydılar, bu qanun layihəsinə necə səs verərdilər? O fransızlar indiki fransızlara baxaraq gülərdilər, yoxsa ağlayardılar? Sizlər - bu günün fransız mütəfəkkirləri dahi şəxsiyyətlərin sizə miras qoyduğu dəyərləri bu cür qoruyursunuz?! Onların ruhları qarşısında vicdanınız necə rahat olacaq? O boyda intellektual fransız sivilizasiya ənənəsinin üstündən bir göz qırpımında xətt çəkmək Fransanın mənafeyinə nə qədər uyğundur? Əgər bir işə yaramayacaqdırsa, o zaman o boyda mötəbər elm ocağında bu məfhumları "universal dəyərlər" adı altında mənə niyə öyrədirdiniz?! Hətta Fransada belə tətbiq olunmursa, onların universallığı harada qalır? Fransanın bəşəriyyətə bəxş etdiyi universal dəyərləri Fransa özü qoruya bilmirsə, başqaları onu necə qoruyacaq? Sizcə bu, universal dəyərlərin tənəzzülünün başlanğıcına bir işarədirmi? Yoxsa Fransa artıq yenidən başqa formatda universal dəyərlər yaradır? Deyirlər, tarix təkrar olunur. Olmaya, Fransa inqilabdan əvvəlki dönəmə qayıtmaq niyyətindədir?".

Məktubun müəllifi yazır ki, Fransa, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədridir. O münaqişə ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, azərbaycanlılar etnik təmizləməyə məruz qalmış və öz torpaqlarında qaçqın və məcburi köçkünə çevrilmişlər. Mən hələ özümün Ermənistan qaçqını olaraq, şəxsən bu münaqişənin qurbanı olduğumu ifadə etmirəm. İndi mən bir dövlət rəsmisi olaraq, Azərbaycan ictimaiyyətini Fransanın münaqişənin nizamlanmasında tərəfsizliyinə necə əmin edə bilərəm?!

Turab Qurbanov Fransanın nüfuzlu universitetinin məzunu və bu ölkəyə rəğbəti olan şəxs kimi bütün bu sualların onu düşündürdüyünü və bu istiqamətdə professor həmkarlarının məsləhətlərinə ehtiyacı olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə