Firudin Cümşüdlü: “Ermənilər öz tarixlərini Azərbaycan mədəniyyətini, abidələrini saxtalaşdırmaqla yazıblar\" - MÜSAHİBƏ

Firudin Cümşüdlü: “Ermənilər öz tarixlərini Azərbaycan mədəniyyətini, abidələrini saxtalaşdırmaqla yazıblar\" - MÜSAHİBƏ

Azərbaycan Dövlət Pedaqoji Universitetin Azərbaycan tarixi kafedrasının dosenti Firudin Cümşüdlünün SəsTV-yə müsahibəsi


- İşğal olunan ərazilərdə tarixi memarlıq abidələrinin dağıdılması ermənilərin növbəti vandalizm aktı kimi dəyərləndirmək olar?


- Ermənilər tarix boyu Azərbaycan torpaqlarında olan qəbirstanlıqları, muzeyləri, məscidləri və digər tarixi abidələrimizi dağıdaraq, özününküləşdirərək, saxtalaşdıraraq və nəhayət vandalizim siyasəti yürüdərək bu torpaqların onlara məxsus olduğunu sübut etməyə çalışıblar. Bu həm insani parametrlərlə, elmi nöqteyi-nəzərdən və hüquqi tərəfdən yanaşdıqda belədir. İşğal edilmiş ərazilərdə maddi-mədəniyyət abidələrimizin dağıdılması prosesi hələ də davam edir. İşğalçılar genişmiqyaslı, qeyri-peşəkar arxeoloji qazıntı işləri aparır, kurqanları dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar. Erməni terrorçuları tərəfindən zəbt olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya, 292 ölkə və 330 yerli əhəmiyyətə malik tarixi və mədəniyyət abidələri qalıb.

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.

Mənim fikrimcə, onlar mədəniyyət abidələrini dağıtmaqla, bir hissəsini özününküləşdirməyə cəhd göstərməklə, qarət etdikləri tapıntıları Ermənistana aparmaqla heç bir tarixi uğur və qələbə əldə edə bilməyəcəklər. Mən inanıram ki, tarixin məntiqi axışı abidələrin yerləşdiyi torpaqların öz əzəli sakinlərinə qayıtması təmin edəcək.



- Avropa İnsan Haqları Məhkəməsi Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi barədə qərar qəbul edib və laçınlı 8 vətəndaşımızın hüquqlarının pozulması ilə bağlı iddia ərizəsini icraya götürüb. Bununla bağlı nə deyə bilərsiniz?


- İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Yuxarı Palatası yanvarın 9-da Dağlıq Qarabağla bağlı iki işə baxıb. İnsan Hüquqları üzrə Avropa Məhkəməsində dinləmələr keçirilib. Azərbaycan nümayəndəsinin təqdim etdiyi sübutlar əsasında məhkəmə çox ədalətli və əhəmiyyətli qərar çıxarıb. Halbuki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Yuxarı Palatası ermənilərin müraciətini rədd edib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında vurğulanıb ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ərazisidir və Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Ermənistanın işğalı nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşamaq məcburiyyətində qalıb.



- Dünya Birliyi Ermənistanın Dağlıq Qarabağı işğal etdiyini bildiyi halda məsələyə ikili yanaşmasının səbəbi nədir?


- Bu çox təəssüf ki, müasir dünya birliyinin gerçəkliyidir. Bunu biz öz üzərimizdə daha çox hiss edirik. İkili standartların mənfi təsirinə daha çox məruz qalan ölkələrdən biriyik. Qardaş Türkiyə də ikili startlardan əziyyət çəkən ölkələrdəndir. Digər ölkələri də buna misal göstərmək olar. Sonuna qədər haqlı mübarizəmizi davam etdirməliyik. Bunun alternativi isə ikili standartlara boyun əyməkdir ki, bizim də belə bir niyyətimiz yoxdur. Mən əminəm ki, ikili standartlar adlandırdığımız bu haqsız münasibətə dünya birliyinin haqsızı haqlı göstərmək sisteminə, daha doğrusu sistemsizliyinə son qoyulacaq. Davamlı sistemli iş gördükdə mübarizə apardıqda qarşı tərəf fakt qarşısında qalır. Bir gün gec, bir gün tez düşmən haqsız olduğunu etiraf edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə