Mübariz Əhmədoğlu: “Siyasi arenada nüfuzu zəifləyən ermənilər İranı son ümid yeri kimi qəbul edir”

Mübariz Əhmədoğlu: “Siyasi arenada nüfuzu zəifləyən ermənilər İranı son ümid yeri kimi qəbul edir”

"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində siyasi resurs tükənib, artıq ATƏT Minsk Qrupu vasitəçiliyinin iflası başlayıb". SİA-nın məlumatına görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu bu gün keçidiriyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, "Status-kvo dərhal dəyişilməlidir", "status-kvonun dəyişilməməsi region üçün təhlükəlidir" tezisləri sloqana çevrilib. Mübariz Əhmədoğlu bildirib ki, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının görüşünə, onların arasında dialoqun reallaşmasına edilən cəhdlər nəticəsiz qalıb. Belə ki, ermənilər bu dialoqa razılıq vermir, ümumiyyətlə, icma bölgüsünü qəbul etmir. Mübariz Əhmədoğlu qeyd edib ki, erməni şüuru Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi dedikdə, Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını başa düşür. Ermənistan tərəfi fikirləşir ki, Dağlıq Qarabağın qaz kəmərinə və ya Qəbələ RLS-ə dəyişdirilməsi məsələsi daim gündəlikdədir. Siyasi şərhçi bildirib ki, münaqişənin tənzimlənməsi istiqamətində Ermənistanda etirazlar artır. Belə ki, Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ probleminin əsasını qoyduqlarını və ermənilərin SSRİ-ni dağıtdığını etiraf edib. Mixail Qorbaçovun dövründə SSRİ-ni dağıtmış ermənilər Kremldə yenidən "məskunlaşıb" və Rusiya dövlətçiliyinə qarşı həmin mövqedədir. Mübariz Əhmədoğlunun sözlərinə görə, siyasi arenada nüfuzu zəifləyən ermənilər cənub qonşumuz olan İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeni son ümid yeri kimi qəbul edir.


Aynurə Asimqızı

Bütün xəbərlər Facebook səhifəmizdə