Yeni Azərbaycan Partiyası Serbiyanın Demokrat Partiyası ilə əməkdaşlıq haqqında saziş imzalayıb

Yeni Azərbaycan Partiyası Serbiyanın Demokrat Partiyası ilə əməkdaşlıq haqqında saziş imzalayıb

Bu gün Yeni Azərbaycan Partiyasında (YAP) hakim partiyanın sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov Serbiya Demokrat Partiyasının sədr müavini, Serbiyanın kənd təsərrüfatı, ticarət, meşəçilik və su təsərrüfatı naziri Duşan Petroviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın verdiyi xəbərə görə, görüşdə YAP-ın icra katibinin müavinləri Mübariz Qurbanlı, Siyavuş Novruzov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf Hacıyev də iştirak edib. İlk öncə qonaqları salamlayan icra katibi Əli Əhmədov partiyanın təşkil etdiyi beynəlxalq konfransda iştirak etdiyi üçün onlara öz təşəkkürünü bildirib. O vurğulayıb ki, səfər çərçivəsində partiyalar arasındakı əməkdaşlıq ölkələr arasındakı münasibətlərə də öz müsbət təsirlərini göstərəcək. Onun sözlərinə görə, Azərbaycanla Serbiyanın həyatında oxşar cəhətlər çoxdur və bu baxımdan münasibətlərin, əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir.Qonaq da öz növbəsində səmimi qəbul üçün öz minnətdarlığını bildirib. Azərbaycanın Serbiya üçün hər zaman mühüm ölkələrdən biri olduğunu deyən serbiyalı nazir qeyd edib ki, bu dostluq və əməkdaşlıq əlaqələri hər zaman davam etdirilməlidir. Görüşün davamında hakim partiya Yeni Azərbaycan Partiyası (YAP) Serbiyanın Demokrat Partiyası ilə əməkdaşlıq haqqında saziş imzalayıb. Sazişi YAP-ın sədr müavini, icraçı katibi, millət vəkili Əli Əhmədov və Serbiya partiyasının sədr müavini, Serbiyanın kənd təsərrüfatı, ticarət, meşəçilik və su təsərrüfatı naziri Duşan Petroviç imzalayıblar. Eyni zamanda Əli Əhmədov bildirib ki, sənədin imzalanması Azərbaycanla Serbiya arasında əlaqələrin genişləndirilməsinə şərait yaradacaq. O, gələcəkdə iki partiyanın birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü qeyd edib. Partiyanın sədr müavinin sözlərinə görə, iki partiyanın gənclər təşkilatlarının da bir-biri ilə sıx əlaqə yaratmağının mühüm olduğunu deyib.YAP icra katibi qeyd edib ki, partiya beynəlxalq əlaqələrini, dünya ölkələri partiyaları ilə əməkdaşlığını günü-gündən genişləndirir: "Avropa Xalq Partiyası, həmçinin Asiya ölkələrinin siyasi partiyaları ilə yüksək səviyyəli əməkdaşlıq əlaqələri mövcuddur. Bu əməkdaşlığın sərhədlərinin genişləndirilməsi üçün Partiyanın bütün imkanları, ən əsası isə istəyi var". Serbiya naziri iki partiya arasında əməkdaşlığın inkişafı Serbiya və Azərbaycan ölkələri arasında əlaqələrin genişləndirilməsi baxımından da əhəmiyyətli olduğunu vurğulayıb. O qeyd edib ki, iki ölkə prezidentlərinin son qarşılıqlı səfərləri ölkələr arasında əməkdaşlıq üçün geniş perspektivlər açıb.

Onun sözlərinə görə, partiyalar arasında imzalanmış sənəd gələcək fəaliyyətin hüquqi əsasını qoyur."Bizim dövlətlərimizin ümumi məqsədi var - bu da Avropa İttifaqına üzv olmaqdır. Bu bir o qədər də asan həll olunan məsələ deyil. Hazırda Avropa Birliyi müəyyən problemlər yaşayır və bu problemləri həll etmək üçün birgə yeni üsullar axtarmaq lazımdır", - deyə o əlavə edib.


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə