Bakı-Gəncə-Bakı istiqamətində yeni ekspress qatarı xəttə buraxıldı

Bu gün səhər saat 9.00-dan Bakı-Gəncə-Bakı istiqamətində yeni ekspress qatarı xəttə buraxılıb. SİA-nın xəbərinə görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişindaşımalar departamentinin rəisi Elyar Muradov bildirib ki, son illər ərzində rəhbərlik etdiyi departament tərəfindən sərnişinlərə göstərilən xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir. "Belə ki, QSC sədrinin müvafiq əmrinə əsasən Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin gediş-gəlişinin yaxşılaşdırılması məqsədi ilə bu gündən Bakıdan, sabahdan isə Gəncədən Bakıya günaşırı olaraq 608-607 saylı Bakı-Gəncə-Bakı ekspress qatarı xəttə buraxılacaq. Bununla əlaqədar olaraq 602-601 saylı Bakı-Gəncə-Bakı ekspress qatarının hərəkət cədvəli və dövriyyəsi 608-607 saylı qatarla uyğunlaşdırılıb. Bundan sonra hər iki qatar səhər saat 9-da Bakıdan və Gəncədən hərəkət edəcəklər. Bu gün yola salınan qatar 16.20 radələrində Gəncəyə çatacaq. Bu gün 60 sərnişin yola salınıb".

E.Muradov bildirib ki, 5 vaqondan ibarət ekspres qatarının vaqonları VEST QAS müəssisəsi ilə QSC arasında bağlanan müqaviləyə əsasən, 2009-cu ilin fevralında əsaslı bərpa təmiri üçün Slovakiyaya göndərilib, bu ilin oktyabrında respublikaya gətirilib. Vaqonlar əsaslı şəkildə qurrularaq kreslolarla təchiz edilib. Vaqonların 4-ü "ekonom-klass" olmaqla hər biri 60, biri isə "biznes klass" olmaqla 45 sərnişin daşımaq qabliyyətindədir. Onların istismar müddəti 28 il, yəni sürəti saatda 160 km olmaqla 2039-cu ilə qədər nəzərdə tutulub.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il noyabrın 24-də Bakı Dəmiryol stansiyasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sifarişi ilə Slovakiyadan paytaxta gətirilmiş vaqonlarla tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə