Sabah Xarici İşlər Naziri Elmar Məmmədyarov Litvanın paytaxtı Vilnüs şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 18-ci iclasında çıxışı nəzərdə tutulub. XİN-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazir həmçinin Vilnüsə səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Leforla görüş zamanı Azərbaycan – Ermənistan münaqişəsinin həlli istiqamətində sülh danışıqları barədə fikir mübadiləsi aparılıb. Danışıqların Minsk Qrupu həmsədrlərinin iştirakı ilə yenilənmiş Madrid sənədləri üzrə davam etdirilməsinin vacibliyi qeyd olunub. Nazir Elmar Məmmədyarov münaqişənin sülh yolu ilə həlli üçün Hərtərəfli Sülh Sazişi üzərində işə başlanılmanın əhəmiyyətini bir daha vurğulayıb.
İsrailin Xarici İşlər Naziri Aviqdor Libermanla keçirilmiş görüşdə İsrailli nazir Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi münasibətilə Azərbaycanlı həmkarını təbrik edib. Görüşdə Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı iki ölkə arasında enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlıq, eyni zamanda Cənubi Qafqaz və Yaxın Şərqdə baş verən proseslər barədə müzakirələr aparılıb.
Finlandiyanın Xarici İşlər Naziri Erkki Tuomioya ilə görüşən Nazir Elmar Məmmədyarov Finlandiyalı həmkarına Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə ətraflı məlumat verib. Finlandiyalı nazir Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi ilə bağlı Azərbaycanlı həmkarını təbrik etmişdir. Görüşdə həmçinin, Azərbaycan və Finlandiya arasındakı ikitərəfli əlaqələr və əlaqələrin inkişaf perspektivləri əsas müzakirə obyekti olub.
Daha sonra Nazir Elmar Məmmədyarov Kipr Respublikasının Xarici İşlər Naziri xanım Erato Koyzakou-Marcoullislə görüşüb. Kiprli nazir Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi ilə bağlı Azərbaycanlı həmkarını təbrik edib. Görüşdə Kipr Respublikasının 2012-ci ilin ikinci yarısından etibarən Aİ-yə sədrlik edəcəyi nəzərə alınaraq, əsas müzakirə edilən məsələlərdən biri Azərbaycan – Aİ əlaqələrinin perspektivləri olub.
Nazir Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin müavini Filip Qordonla da görüş keçirib. Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələr, iki ölkə arasında mövcud olan strateji əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov dekabrın 7-də Belçika Krallığının paytaxtı Brüssel şəhərinə səfər edəcəkdir. Brüsseldə Nazir Elmar Məmmədyarovun İSAF-a (Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri) töhfə verən ölkələrin xarici işlər nazirlərinin iclasında iştirakı, Belçikanın aparıcı araşdırma mərkəzlərindən biri olan "Təhlükəsizlik və Müdafiə Gündəliyi" adlı mərkəzdə çıxışı nəzərdə tutulur.
Nazir Elmar Məmmədyarovun eyni zamanda, Brüsselə səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB