Konstitusiya Gününə həsr edilən tədbir keçirilib

Konstitusiya Gününə həsr edilən tədbir keçirilib

Şuşa Rayon İcra Hakimiyyətində Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) təşəbbüsü ilə Konstitusiya Gününə həsr edilən tədbir keçirilib. SİA-nın məlumatına görə, konfransda çıxış edən GT MŞ-nın sədri, Milli Məclisin deputatı Fuad Muradov deyib ki, Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyona yaxın qaçqın və köçkünü var. Onun sözlərinə görə, onların ermənilər tərəfindən təhsil almaq, yaşamaq və eyni zamanda iqtisadi hüquqları pozulub: "Bunu nəzərə alaraq, icma ilə birlikdə bu tədbiri keçirmək qərarına gəldik. Məqsədimiz gənc nəslin Ermənistanın təcavüzü ilə işğal edilən bölgələr və ümumiyyətlə proseslə bağlı məlumat verməkdir".

"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranan vəziyyət və Azərbaycan vətəndaşların haqlarının pozulmasına ilə bağlı vəziyyət haqda danışıb. Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev isə Azərbaycan Konstitusiyası və əsas müddəaları haqda çıxış edib.

Milli Məclisin deputatı Elman Məmmədov isə çıxışında Azərbaycan cəmiyyətində Konstitusiya ilə tanışlığın yetərincə olmadığını vurğulayıb: "Dövlət Bayrağı Günündə Bakıda hər bir evdə, bütün pəncərələrdə bayraq asılmalı idi. Lakin heç küçələrdə bayraq yox idi".

Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli isə cəmiyyətdə şouya meylin artmasının təhlükəsi haqda danışıb: "Artıq ciddilik xüsusiyyətlərinin itirilməsi təəccüblü görünmür. Kiçik yaşlarında - sovet rejimində Zəngəzuru erməni torpağı bilirdik. Qorxuram ki, 50 ildən sonra yeni nəsil Qarabağı Ermənistan ərazisi kimi tanısın. Uşaqlarımızı kiçik yaşlarından "torpaqlarımızı qaytarmalıyıq" şüurunda tərbiyə etməliyik".

Milli Məclisin deputatı Rövşən Rzayev isə çıxışını Ermənistanın təcavüzü nəticəsində hüquqlarını bərpa edə bilməyən Azərbaycan vətəndaşlarının vəziyyəti kontekstində qurub. R. Rzayev qeyd edib ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında keçirilməsi nəzərdə tutulan görüş noyabrın 28-nə təyin olunub. Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycan Konstitusiyası və bu Ali Qanundan irəli gələn müddəalar haqqında danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə