Prezident İlham Əliyev: “Biz BMT Təhlükəsizlik Şurasında ədaləti müdafiə edəcəyik”
"Bu yaxınlarda Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi bir daha ölkəmizin qüdrətini göstərir. Bir daha Azərbaycan siyasətinin nə qədər düzgün olduğunu göstərir. Ölkə daxilində gedən proseslər, iqtisadiyyatla bağlı olan məsələlər statistik göstəricilərdə özünü əks etdirir. Bu məsələlərlə məşğul olan qurumlar, insanlar, ekspertlər əlbəttə ki, Azərbaycanın uğurlu inkişafını görürlər və qiymətləndirirlər". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Ucar ictimaiyyəti ilə görüşdə deyib. Dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurasına böyük üstünlüklə seçilməsi bütün dünyaya Azərbaycanı müasir, qüdrətli, böyük nüfuza malik ölkə kimi təqdim etdi: "Beynəlxalq birlik tərəfindən Azərbaycana böyük hörmət, etimad, inam göstərilir. 155 ölkə bizi dəstəklədi. 155 ölkə bizi müdafiə etdi, bizə inandı və ümid etdi. Əlbəttə ki, biz bu ümidləri doğruldacağıq. İlk növbədə biz Azərbaycan xalqının ümidlərini doğrulduruq və doğruladacağıq. Ölkəmizdə aparılan islahatlar və görülmüş işlər bunun əyani sübutudur. Bizə inanan tərəfdaşlarımızın, dost olan ölkələrin ümidlərini də doğruldacağıq. Biz dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasında sadiq olduğumuz prinsipləri müdafiə edəcəyik. İlk növbədə ədaləti müdafiə edəcəyik. Biz bütün işlərə ədalət nöqteyi-nəzərdən yanaşırıq. Həm ölkə daxilində gedən proseslər, həm də xarici siyasətimizlə bağlı təşəbbüslər ədalət prinsipləri əsasında qurulub".
"Biz Təhlükəsizlik Şurasında beynəlxalq hüququn keşiyində duracağıq", - deyən İlham Əliyevin sözlərinə görə, Azəröaycan məsələlərin beynəlxalq hüquq əsasında həll olunmasının tərəfdarıdır: "Dünyada ikinci mexanizm yoxdur, ola da bilməz. Beynəlxalq hüquq prinsipləri ona görə dünya ictimaiyyəti tərəfindən qəbul edilir ki, bunlar ədalətli prinsiplərdir. Bizim ədalətli işimiz, Qarabağ münaqişəsi, torpaqlarımızın işğal altına düşməsi məsələsi də yalnız beynəlxalq hüquq prinsipləri əsasında öz həllini tapmalıdır. Bu yaxınlarda üzv olduğumuz BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dörd qətnamə qəbul edib. Ədalətli qərarlar qəbul edib. Ancaq əfsuslar olsun ki, bu qərarlar icra edilmir".
Dövlət başçısı bildirib ki, Azərbaycan artıq mötəbər qurumun üzvüdür, dünya miqyasında seçilmiş ölkələrin sırasındadır: "Əlbəttə ki, öz maraqlarımızı müdafiə edəcəyik, Azərbaycanla, bölgə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdıracağıq. Ancaq onu da qeyd etməliyik ki, bu səsvermə bizim üçün nə qədər sevindirici və qürurverici olsa da, məsuliyyətimizi də bir o qədər artırır. Biz bu məsuliyyəti üzərimizə götürməyə hazırıq. Əks təqdirdə namizədliyimizi irəli sürməzdik. Eyni zamanda, bu səsvermə onu göstərir ki, Azərbaycan haqqında dünyada kifayət qədər məlumatlar var. Bəzi hallarda müxtəlif məsələlərdə dünya birliyinin fikrinə, rəyinə istinad edilir. Dünya birliyi bütün ölkələrdir. Onların mütləq əksəriyyəti Azərbaycanın yanındadır. Yəni, dünya birliyi bizimlədir. Gələcəkdə dünya birliyinə istinad edərkən hər hansı bir fikri, yaxud da ideyanı irəli sürmək istəyəndə bəzi dairələr bilməlidirlər ki, dünya birliyinin rəyi bax bu səsvermədə öz əksini tapıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB