YAP Yasamal rayonu Kənd Təsərrüfatı Nazirliyi ərazi ilk təşkilatının hesabat-seçki yığıncağı keçirilib

YAP Yasamal rayonu Kənd Təsərrüfatı Nazirliyi ərazi ilk təşkilatının hesabat-seçki yığıncağı keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayonu Kənd Təsərrüfatı Nazirliyi ərazi ilk təşkilatının üçillik hesabat-seçki yığıncağı keçirilib.

Təşkilatdan bildiriblər ki, yığıncağı giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan aqrar siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. A.Aslanov aqrar sahədə qazanılan uğurlar, 1990-1993-cü illərdə ölkədəki ictimai-siyasi vəziyyət, YAP-ın yaranma zəruriliyi barədə ətraflı məlumat verib.

YAP Yasamal rayonu Kənd Təsərrüfatı Nazirliyi ərazi ilk təşkilatının sədri Vilayət Süleymanov təşkilatın 3 illik fəaliyyəti barədə hesabatla çıxış edib.

Bildirilib ki, müstəqilliyimizin bərpasının 20 illiyi ərzində həm ulu öndərimiz Heydər Əliyev tərəfindən, həm də onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ölkəmizin bütün sahələrində tikinti quruculuq işləri aparılıb, infrastruktur layihələri həyata keçirilib.

Ərazi ilk partiya təşkilatı özünün iş planına müvafiq olaraq istər Respublika səviyyəsində, istərsə də rayon səviyyəsində keçirilən tədbirlərdə həmişə aktiv iştirak edib.

2008-ci il oktyabrın 15-də keçirilən prezident seçkilərində, 2010-cu ildə keçirilən parlament seçkilərində ilk təşkilatın 45 üzvü fəallıq nümayiş etdirərək YAP Yasamal rayon təşkilatının dairə və məntəqə seçki komissiyalarında müşahidəçi və məşvərətçisi qismində iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü Əhliman Tağıyev, YAP Qadınlar Şurasının sədri Solmaz Hüseynova və digərləri təşkilatın gördüyü işlər barədə danışıblar.

Yekunda yeni idarə heyətinin tərkibi müəyyənləşib, YAP Yasamal rayon təşkilatının konfransına nümayəndələr seçilib. Süleymanov Vilayət Məmməd oğlu açıq səsvermə yolu ilə ərazi partiya təşkilatının sədri vəzifəsinə seçilib.


Bütün xəbərlər Facebook səhifəmizdə