Pol Qobl: “Azərbaycanın regionda lider olmaq şansı başqalarından daha çoxdur”

Pol Qobl: “Azərbaycanın regionda lider olmaq şansı başqalarından daha çoxdur”

Rusiyanın "RİA Novosti" beynəlxalq informasiya agentliyində oktyabrın 18-də qeyd edilən Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Rusiya-Azərbaycan-ABŞ çoxvektorlu siyasət kontekstində" mövzusunda Moskva-Bakı-Vaşinqton videokörpüsü keçirilib.


Görkəmli Amerika politoloqu, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin və Dövlət departamentinin keçmiş analitiki, publisist Pol Qobl deyib ki, Vaşinqtonda Azərbaycana və Dağlıq Qarabağa həsr olunmuş bir neçə konfrans keçirilib. Ekspertlər və jurnalistlər bu konfranslara böyük maraq göstərmişlər, belə ki, Qafqaz regionu geosiyasi vəziyyəti, enerji resursları və İrana yaxınlıq baxımından qərb üçün əhəmiyyətlidir. Onun sözlərinə görə, Azərbaycan nəinki neft sahəsində və iqtisadi sahədə, həmçinin siyasi sahədə böyük uğurlar qazanıb. O, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq üçün Azərbaycanın sifariş verməsini misal göstərib. Amerika politoloqu qeyd edib ki, bu məsələdə Azərbaycanı nəinki Türkiyə və bir çox müsəlman ölkələri, həm də Latın Amerikası ölkələri müdafiə etməyə hazırdır və bu, ölkənin siyasi uğurlarından biridir. P.Qobl həmçinin qeyd edib ki, ABŞ da, Rusiyada da Cənubi Qafqaz regionunun hər iki fövqəldövlətdə maraq doğurduğunu etiraf etməli və istər coğrafi vəziyyətdən, istərsə də zəngin enerji resurslarından irəli gələn ümumi maraqlara görə çox incə diplomatiya yeritməlidirlər: "Azərbaycanın bir çox göstəriciləri üzrə regionda lider olmaq şansı başqalarından daha çoxdur".


Azərbaycan politoloqu, Azərbaycan Diplomatiya Akademiyasının prorektoru Fariz İsmayılzadə müstəqilliyinin 20 ili ərzində Azərbaycanın qazandığı konkret nailiyyətlərdən, istər iqtisadiyyat sahəsində, istərsə də ictimai-siyasi sabitlik, sosial şəraitin yaxşılaşması, ölkə əhalisinin maddi rifahının yüksəlməsi baxımından çox böyük tərəqqi əldə edildiyindən danışıb. O, qeyd edib ki, Azərbaycan neft amilindən iqtisadiyyatın Azərbaycan modelinin inkişafı üçün istifadə edib, nəticədə böyük investora, ən iri qlobal transmilli layihələrin iştirakçısına çevrilib. F.İsmayılzadə xarici siyasət sahəsində Azərbaycanın başlıca məqsədinin həm ölkədə, həm də bütövlükdə regionda sülhün və siyasi sabitliyin təmin edilməsinə yönəldilmiş siyasəti davam etdirməkdən ibarət olduğunu bildirib: "Bu siyasət işğal olunmuş torpaqların azad edilməsini, qaçqınların geri qaytarılmasını, bütün qonşularla ahəngdar münasibətlər yaradılmasını nəzərdə tutur". O, ölkənin digər mühüm vəzifəsinin iqtisadiyyatın şaxələndirilməsi olduğunu bildirib.


Xəzər Əməkdaşlığı İnstitutunun baş direktoru Sergey Mixeyev deyib ki, Rusiya Azərbaycanın və bütövlükdə Xəzər regionunun tərəqqisinə inanır, lakin belə hesab edir ki, Xəzər regionu ilk növbədə beş Xəzəryanı dövlət üçün prioritet olmalıdır. Rusiya politoloqu deyib: "Biz dostumuz Azərbaycana həqiqətən iqtisadi tərəqqi və inkişaf arzulayırıq. Mən belə hesab edirəm ki, Azərbaycan Xəzər inteqrasiyasında lider rolunu oynaya bilər, cazibə mərkəzi ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə