Həmsədr Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə 6 elementi açıqladı

Həmsədr Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə 6 elementi açıqladı

Xorvatiyanın Dubrovnik şəhərində ATƏT Parlament Assambleyasının payız sessiyası çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr keçirilib. Assambleyanın sədri Joao Suareşin sədrlik etdiyi iclasda ATƏT-in Minsk qrupunun həmsədrləri çıxış ediblər.


SİA-nın verdiyi məlumata görə, amerikalı həmsədr Robert Bradtke bildirib ki, vasitəçi dövlətlər Cənubi Qafqazda sülhə nail olmaq üçün ən yüksək səviyyədə səylərini əsirgəmir. Diplomat deyib ki, onlar problemin üç prinsip əsasında həllini görür: gücdən istifadə etməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə hüququ.


Həmsədr eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin altı element əsasında həllinə çalışdıqlarını qeyd edib. Bunlar Dağlıq Qarabağın ətrafındakı rayonlardan erməni hərbi qüvvələrinin çıxarılması, Dağlıq Qarabağa keçid statusunun verilməsi, Ermənistanla Dağlıq Qarabağ arasında birbaşa əlaqənin təmin edilməsi, Dağlıq Qarabağın hüquqi statusunun yekun həlli, qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması, bölgədə beynəlxalq təhlükəsizlik təminatlarının və sülhyaratma əməliyyatının həyata keçirilməsidir.


Rusiyalı həmsədr İqor Popov isə əmin olduğunu bildirib ki, məsələnin həlli yalnız diplomatik üsullarla mümkündür. Rusiya rəhbərliyinin münaqişənin həlli üçün ciddi səy göstərdiyini deyən İqor Popov vurğulayıb ki, sülh yalnız tərəflərin siyasi iradəsi əsasında mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə