Diplomatik Akademiyaların rektorlarının ümumdünya forumunun növbəti toplantısı Bakıda keçiriləcək
ABŞ-ın tanımış Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbində (Fletcher School of Law and Diplomacy) sentyabrın 25-28-də Diplomatik Akademiyalar və Beynəlxalq Münasibətlər üzrə ixtisaslaşan universitetlərin və ali məktəblərin ənənəvi illik Forumu keçirilib.
ADA-dan SİA-ya verilən məlumata görə, Beynəlxalq Forumda dünyanın 100-dən artıq Diplomatiya Akademiyaları və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan universitetlərinin rektor və dekanları bir araya gəliblər.
Forumda diplomatik treninqdə regional əməkdaşlıq, beynəlxalq biznes diplomatiyası, keçid dövrünün diplomatiyası, ətraf mühit problemlərinin həllində diplomatiyanın rolu, BMT-də çoxtərəfli diplomatiya və sair mövzular diqqət mərkəzində olub.
Toplantıda xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev də iştirak edib. Görüşün sonuncu günü H. Paşayev ADA-nın inkişaf yolunu və əldə edilən uğurları iştirakçıların nəzərinə çatdıraraq, gələn il Akademiyanın tikilməkdə olan müasir təhsil kompleksinin hazır olacağını bildirib və 2012-ci ilin Forumunu Azərbaycanda keçirilməsini təklif edib. H. Paşayev deyib ki, Azərbaycan hökuməti tərəfindən təhsilin inkişafına xüsusi diqqətin göstərilməsi ADA-nın nümunəsində beynəlxalq ictimaiyyətə daha qabarıq şəkildə çatdırıla bilər.
Diplomatiya Akademiyaları və Beynəlxalq Münasibətlər üzrə ixtisaslaşan universitetlərin rektorları növbəti illik Forumun Bakı şəhərində keçirilməsinə yekdilliklə dəstək veriblər.
Qeyd edək ki, Diplomatik Treninq üzrə Beynəlxalq Forum 1972-ci ildən keçirilir. Azərbaycan Diplomatik Akademiyası yarandığı 2006-cı ildən bu foruma qatılır.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB