Hadı Rəcəbli: “Sosial siyasət komissiyasına vətəndaşlardan 740 ərizə və müraciət daxil olub” - AÇIQLAMA

Hadı Rəcəbli: “Sosial siyasət komissiyasına vətəndaşlardan 740 ərizə və müraciət daxil olub” - AÇIQLAMA

Bu gün Milli Məclisin sosial siyasət komitəsinin 2011-ci ilin payız sessiyası dövründə ilk iclası keçirilib. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda çıxış edən komitənin sədri Hadi Rəcəbli rəhbərlik etdiyi komitənin yaz və növbədənkənar sessiyalar dövründə məhsuldar işlədiyini, ölkənin ictimai-siyasi, iqtisadi həyatında mühüm rol oynayan qanunlar hazırladığını diqqətə çatdırıb. Komitə sədri payız sessiyasında da bir sıra yeni layihələrin – "Reproduktiv sağlamlıq", "Ailə həkimi", "Gənc ailənin sosial müdafiəsi", "Sosial sifariş", "Mərasimlər" "Sosial xidmət", "Pasientin hüquqları" haqqında sənədlərin hazırlanaraq parlamentin plenar iclasına təqdim ediləcəyini, Ailə və Əmək Məcəllələrinə təklif olunan dəyişikliklərin araşdırılaraq müvafiq addımlar atılacağını vurğulayıb.

Komitə sədri deyib ki, yaz və növbədənkənar sessiyalar müddətində komitəyə vətəndaşlardan 740 ərizə və müraciət daxil olub, 540 vətəndaş qəbul edilib.

Sonra deputatlar komitədə payız sessiyası dövründə görüləcək işlərdən, qarşıda duran vəzifələrdən danışıblar. Millət vəkilləri bu sessiyada profilaktik tədbirlərlə bağlı hüquqi bazanın möhkəmləndirilməsi, Milli Qəhrəmanlar haqqında qanunvericiliyin, ünvanlı sosial yardım mexanizminin təkmilləşdirilməsi, həmçinin qəbul olunan qanunların icrasının monitorinqinin aparılması, əlillərin problemlərinin araşdırılması üzrə dinləmələrin keçirilməsi təklifləri ilə çıxış ediblər. İclasda komitədə 2011-ci il yaz və növbədənkənar sessiyaları ərzində görülən işlərin hesabatı nəzərə alınıb, payız sessiyası üçün iş planı təsdiq edilib.

Sonra "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında", həmçinin "Sosial sığorta haqqında" və "Məşğulluq haqqında" qanunlara dəyişiklik edilməsi barədə sənədlər müzakirə olunub. Hər 3 sənədin baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunması qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə