Oruc Zalov: “Polis sənədsiz evləri və bu evlərdə yaşayanları qeydiyyata alıb”

Oruc Zalov: “Polis sənədsiz evləri və bu evlərdə yaşayanları qeydiyyata alıb”

"Prezident İlham Əliyevin vətəndaşların sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı verdiyi göstərişdən sonra polis bununla bağlı üzərinə düşən vəzifəni yerinə yetirib". SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslardakı çıxışında daxili işlər nazirinin müavini Oruc Zalov deyib. Onun sözlərinə görə, polis sənədsiz evləri və bu evlərdə yaşayanları qeydiyyata alıb. Həmin şəxslər seçki vaxtı səsvermədə iştirak edə biləcəklər

Müstəqillik dövründə keçirilən seçkilər zamanı polis öz işini təkmilləşdirmək, yeni qanunvericiliyi tətbiq etməklə bağlı uğurlar qazandığını söyləyən O. Zalov polisin seçki zamanı vəzifəsinin ictimai asayişi qorumaq, baş verən pozuntuları qanuni qaydada sənədləşdirmək, seçki məntəqələrinin mühafizəsini təşkil etmək olduğunu vurğulayıb. O, qeyd edib ki, hazırda Daxili İşlər Naziri Ramil Usubov tərəfindən xüsusi işçi qrup yaradılıb və plan tərtib olunub. Bu plana uyğun yerlərdə tədbirlər həyata keçirilir.

Nazir müavini vurğulayıb ki, ötən il keçirilən seçkilərdə yerli və beynəlxalq təşkilatların hesabatlarında polisin fəaliyyəti barədə ciddi nöqsanlar barəsində iradlara rast gəlinməyib: "Ötən il parlament seçkilərində 1600 görüş, mitinq keçirilib. Bunlardan təqribən 1500-ü razılaşdırılmış qaydada olub, heç bir insident baş verməyib. Polisin üzərinə vəzifə qoyulub ki, məntəqələrdən kənarda yerləşsinlər, seçki prosesinə müdaxilə etməsinlər. Bu barədə polisə təlimat verilib. Bunun nəticəsidir ki, ötənilki seçkilərdə bununla bağlı polisə ciddi iradlar olmayıb.

Polisin seçki prosesinə müdaxilə etməsi halı ilə bağlı müşahidəçilərin iradlarına rast gəlmədik. Şəxsiyyət vəsiqəsi ilə bağlı ötən il müəyyən problem yaranmışdı. Yaş həddinə görə şəxsiyyət vəsiqəsini dəyişməli olan vətəndaşlar bunu etməlidirlər. 25, 35 və 50 yaşa şatdıqda vəsiqələr dəyişdirilməlidir. Ötən il belə hallarda operativ olaraq şəxsiyyət vəsiqələri dəyişdirilidi. Dəyişdirməyənlər köhnə şəxsiyyət vəsiqələri ilə də səs verdilər. Vətəndaşlar vəsiqələri dəyişdirməyə maraqlı olmalıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə