Azərbaycanın Almaniyadakı səfirliyi erməni təxribatlarının qarşısını almaqda davam edir

Azərbaycanın Almaniyadakı səfirliyi erməni təxribatlarının qarşısını almaqda davam edir

Ermənilər Ştutqart şəhərində keçirilməsi planlaşdırılan "Ermənistan mədəniyyət günləri Ştutqart-2011" çərçivəsində təxribatçı fəaliyyətlərini davam etdirirlər.

SİA-nın "AzərTAc" dövlət agentliyinə istinadən verdiyi məlumata görə, tədbirin təşkilatçıları olan Baden-Vittenberq Erməni İcması və Stutqart Erməni Mədəniyyət Dərnəyi öz internet səhifələrində arasında "Dağlıq Qarabağ Respublikasının/Artsaxın 20 illiyi" adlı tədbirin də yer aldığı mədəniyyət günlərinin sponsorları qismində Stutqart Mədəniyyət İdarəsi və Baden-Vittenberq əyalətinin Elm, Tədqiqat və Sənət Nazirliyi kimi rəsmi dövlət qurumlarının adlarını göstərib, bu qurumların tədbirlərin keçirilməsinə maliyyə dəstəyi göstərdiklərini qeyd edib. Bu məsələdə də əsas məqsəd guya rəsmi alman dövlət qurumlarının Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıması təəssüratını yaratmaqdır.

Bununla bağlı Azərbaycanın Almaniyadakı səfirliyi və Ştutqartdakı fəxri konsulluğu adı çəkilən nazirliyə müvafiq müraciət edib, eləcə də etiraz məktubu göndərməklə internetdə yayılan məlumatın araşdırılmasını istəyib. Baden-Vittenberq əyalətinin Elm, Tədqiqat və Sənət Nazirliyindən alınan cavab məktubunda nazirliyin "Ermənistan mədəniyyət günləri Ştutqart-2011" adlı tədbirin sponsoru olması faktı təkzib edilib.

Nazirlik rəsmisi erməni təşkilatçıların tədbirin keçirilməsinə maliyyə yardımının göstərilməsi ilə bağlı çoxsaylı müraciətlərindən sonra, mədəniyyət günləri çərçivəsində keçirilən yalnız iki konsert üçün nazirlik tərəfindən cüzi miqdarda maliyyə yardımı göstərilməsinə razılıq verildiyini bildirib. Bu tədbirlər sentyabrın 17-si və 18-də, müvafiq olaraq, Yeni Qəsr və Stutqartdakı Foyerze ərazisində yerləşən Yohannes kilsəsində keçiriləcək konsertlərdir. Nazirlik öz adının yalnız bu iki konsertin sponsoru qismində xatırlanmasını dəfələrlə tədbir təşkilatçılarından xahiş etsə də, ermənilər bu xoş niyyətdən öz siyasi məqsədləri üçün istifadə etməkdən çəkinməyiblər. Məktubdan açıq şəkildə anlaşılır ki, 17-18 sentyabr tarixlərində keçirilən konsertlərin 19 sentyabr tarixində keçirilməsi planlaşdırılan "Dağlıq Qarabağ Respublikasının/Artsaxın 20 illiyi" adlı tədbirlə heç bir əlaqəsi yoxdur.

Ermənistanın bu və gözlənilən digər təxribatlarının qarşısının alınması istiqamətində səfirlik tərəfindən müvafiq addımların atılması davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə