AŞPA-nın komitə sədri: “Ermənistanın Dağlıq Qarabağı işğal altında saxlaması beynəlxalq qanunların norma və prinsiplərinə ziddir” - MÜNASİBƏT

AŞPA-nın komitə sədri: “Ermənistanın Dağlıq Qarabağı işğal altında saxlaması beynəlxalq qanunların norma və prinsiplərinə ziddir” - MÜNASİBƏT

Azərbaycanda səfərdə olan AŞPA-nın Hüquqi işlər və insan hüquqları komitəsinin sədri Kristos Pirqurides bu gün Milli Məclisdə jurnalistlər üçün brifinq keçirib.

Parlamentin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, brifinqi Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu açaraq bildirib ki, qonaq ölkəmizdə səfərdə olduğu günlər ərzində bir sıra görüşlər keçirib. O, keçirdiyi görüşlər və müşahidələri barədə fikirlərini jurnalistlərlə bölüşmək istəyir.

Azərbaycana ilk dəfə 5 il əvvəl gəldiyini bəyan edən Kristos Pirqurides qeyd edib ki, budəfəki səfərində tamamilə fərqli Azərbaycanla rastlaşıb. Qonaq ölkə prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə söylədiyi bir fikri təkrarlayıb: "5 il bundan əvvəlki səfərimdə Azərbaycanda demokratiya qatarı sanki torpaq üzərində idi. Mən həmin səfərimdən sonrakı hesabatımda burada gördüyüm bəzi məqamları tənqidlə qarşılamışdım. Amma bu dəfə ölkənizdə demokratiya qatarı artıq dəmir relslər üzərindədir. Bu gün Azərbaycanda demokratiya sahəsində xeyli işlər görülüb, böyük irəliləyişlər mövcuddur. Bu sürətlə gedərsə, yaxın vaxtlarda Azərbaycan dünyanın ən demokratik dövlətlərindən birinə çevriləcək ki, bu da bizi çox sevindirir".

Ölkəmizin Avropa Şurası ilə qarşılıqlı əlaqələrini yüksələn xətlə inkişaf etdirdiyini bildirən qonaq insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində mühüm işlər görüldüyündən söhbət açıb. Sonra Kristos Pirqurides Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə fikirlərini bildirib: "Ermənistanın Azərbaycana təzyiqi, Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal altında saxlaması həm yerli, həm də beynəlxalq qanunların norma və prinsiplərinə ziddir. Bu torpaqlar dərhal işğaldan azad edilməli, Azərbaycana qaytarılmalıdır. Təkcə Avropa Şurasına üzv olan ölkələr deyil, bütün demokratik ölkələr bu yöndə Ermənistanın təzyiqlərini pisləməli, bu ölkəyə Azərbaycan torpaqlarını işğaldan azad etməsi ilə bağlı mesajlarını verməlidirlər. Ancaq bu yolla bölgədə sülh və əmin-amanlıq təmin olunar".

Sonra qonaq Azərbaycana gəldiyi və burada baş verən uğurlu reallıqları öz gözləri ilə gördüyü üçün Milli Məclisin deputatı, AŞPA-da onun rəhbərlik etdiyi komitənin üzvü Elxan Süleymanova dəvət üçün xüsusi minnətdarlığını ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə