Musa Qasımlı: “Fransa ATƏT-in Minsk qrupundakı həmsədirliyi ilə bir araya sığmayan hərəkətlər edir”

Musa Qasımlı: “Fransa ATƏT-in Minsk qrupundakı həmsədirliyi ilə bir araya sığmayan hərəkətlər edir”

\"Fransa parlamenti deputatlarının Azərbaycanın icazəsi olmadan işğal olunan Dağlıq Qarabağ ərazilərinə səfər etməsi, separatçı qurumun nümayəndələri ilə müzakirələr aparması heç şübhəsiz, bir tərəfdən beynəlxalq hüquq normalarının, BMT-nin nizamnaməsinin və ATƏT prinsiplərinin pozulmasıdır\". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı, tarixçi alim, professor Musa Qasımlı deyib: "Digər tərəfdən Fransa parlamentinin deputatlarının işğal olunan ərazilərə səfəri Fransanın ATƏT-in Minsk qrupundakı həmsədirliyi ilə bir araya sığmır"-deyə o, əlavə edib.

M. Qasımlı hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən həmsədr dövlətlər tərəfsiz olmalı və münaqişə tərəfləri arasında ayrı-seçilik yaratmamalıdır: "Bu addım Fransanın münaqişənin həllində Ermənistanın tərəfini tutduğunu göstərir. Eyni zamanda bunu Azərbaycanın daxili işlərinə kobud şəkildə qarışmaq, ölkəmizin suveren hüquqlarına hörmət etməmək kimi dəyərləndirmək olar. Hesab edirəm ki, Fransa tərəfi bu məsələyə aydınlıq gətirməlidir və bir də bu cür hallara yol verməməlidir".

Qeyd edək ki, Azərbaycanın Parisdəki səfirliyi Fransanın Xarici İşlər Nazirliyinə Fransa parlamenti deputatlarının Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi ilə bağlı etiraz notasını təqdim edib.

Xatırladaq ki, erməni mətbuatı Fransa parlamentin müdafiə və hərbi qüvvələr komissiyasının sədri Qi Tesyenin başçılığı ilə Fransa parlamentinin deputatlarından ibarət heyət Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsi ilə bağlı məlumat dərc edib.

Bütün xəbərlər Facebook səhifəmizdə