Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi istefa verib

Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi istefa verib

Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı İşık Koşaner və quru, hərbi hava və hərbi dəniz qüvvələri komandanları avqustun 1-də keçiriləcək Yüksək Hərbi Şuranın iclası ərəfəsində istefa veriblər. SİA-nın məlumatına görə, son üç komandanın vəzifə müddətləri başa çatsa da, İşık Koşanerin vəzifə müddətinin bitməsinə 2 il var idi. Generallar bu addımı Çankaya köşkündə Prezident Abdullah Gülün sədrliyi ilə keçirilmiş toplantıdan sonra atıblar.

İstefa xəbərlərindən sonra Jandarma Qüvvələri komandanı, ordu generalı Necdet Özel Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşüb. Ankara "dəhlizlərində" ordunun baş qərargahına rəhbərliyin ona həvalə ediləcəyi barədə xəbərlər səslənir.

Qeyd edək ki, sözügedən istefalarla bağlı Türkiyə Nazirlər Kabinetindən hələ rəsmi açıqlama yayılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə