Məlahət İbrahimqızı: \"Sarkisyanın mövqeyi həmçinin Türkiyə üçün də ciddi mesajdır\" - AÇIQLAMA
Ermənistan prezidenti Serj Sarkisyanın Qarabağı işğal etməsini etiraf etməsi və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış etməsi bir daha təcavüzkar dövlətin mahiyyətini göstərir. Bu o deməkdir ki, Ermənistan öz işğalçılıq siyasətindən dönmək fikrində deyil. SİA-nın məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı YAP-ın rəsmi saytına açıqlamasında bildirib.
Prezident Serj Sarkisyan erməni gəncliyinə xitabən çıxışında deyib ki, \"Dağlıq Qarabağı düşməndən biz azad etdik, Ağrı dağını azad etmək də sizin öhdənizə düşür\".
Millət vəkili hesab edir ki, beynəlxalq birlik Sarkisyanın bu mövqeyinə münasibət bildirməlidir. O bildirib ki, bir sıra beynəlxalq qurumlar, BMT Təhlükəsizlik Şurası, Avropa Şurası, NATO, Avropa Parlamenti və digərləri Azərbaycanın ərazi bütövlüyünün tanınması haqqında qətnamələr qəbul ediblər. Eyni zamanda, həmin sənədlərdə Ermənistanın işğal etdiyi ərazilərin azad olunmasının zəruriliyi vurğulanıb.
\"Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar prosesinin intensiv xarakter aldığı bir vaxtda Sarkisyanın bu bəyanatı sülh prosesinə zərbədir. Bununla da o etiraf edir ki, rəsmi Yerevan sülhün əldə olunmasına maraqlı deyil. Bu bəyanata heç cür haqq qazandırmaq mümkün deyil və beynəlxalq hüquq prinsipləri ilə yanaşsaq, hətta bu mövqedə cinayət tərkibi də var. Ümumiyyətlə, Sarkisyanın bu bəyanatı təkcə Türkiyə və Azərbaycana qarşı deyil, bütövlükdə dünya ictimaiyyətinə qarşı yönəlib. Çünki sülhə və təhlükəsizliyə qarşı olan təhdidlər bəşəri xarakter daşıyır. Ona görə də beynəlxalq birlik susqunluq nümayiş etdirməməlidir.
Sarkisyanın mövqeyi həmçinin Türkiyə üçün də ciddi mesajdır. Çünki Türkiyənin müxtəlif dairələrində Ermənistanla sərhədləri açmaq, diplomatik münasibətləri bərpa etməyin tərəfdarları var. Amma Sarkisyanın Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış etməsi Türkiyə cəmiyyətini bir daha düşünməyə vadar etməlidir\", - o vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB