Prezident İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsi bölgə üçün ən böyük ədalətsizlikdir”
Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr sürətlə inkişaf edir və əminəm ki, Polşa Avropa İttifaqında sədrliyi dövründə öz tərəfindən bu əlaqələrin inkişafına dəyərli töhfəsini verəcəkdir. SİA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev polşalı həmkarı Bronislav Komorovski ilə birgə mətbuat konfransı zamanı deyib. O, qeyd edib ki, bu ilin yanvar ayında Avropa Komissiyasının sədri Barrozunun Azərbaycana səfəri zamanı imzalanmış bəyannamə gələcək sahədə əməkdaşlığa çox güclü təkan verəcəkdir: "Bütövlükdə Avropa İttifaqı - Azərbaycan əlaqələri bu gün geniş müzakirə edildi və bu məsələ ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Biz maraqlıyıq ki, bu əlaqələrə yeni təkan verilsin. Çünki bu əlaqələrin həm Avropa üçün, həm də Azərbaycan üçün çox böyük əhəmiyyəti var və hazırda formalaşmaqda olan tərəfdaşlıq strateji xarakter daşıyır. Biz istəyirik ki, Avropa qurumları ilə tərəfdaşlıq əlaqələrimiz daha da inkişaf etsin.
Eyni zamanda, bu gün regional məsələlər haqqında fikir mübadiləsi aparılmışdır. Polşa öz regionunda, Azərbaycan isə öz regionunda Xəzər dənizi - Baltik dənizi əməkdaşlığının inkişafı üçün çox ciddi mövqelərə malikdir. Hər iki dövlət yerləşdiyi regionda çox güclü geosiyasi mövqelərə və iqtisadi potensial baxımından həlledici sözə malikdir. Biz elə etməliyik ki, Xəzər dənizi-Qara dəniz-Baltik dənizi ölkələri arasında əməkdaşlıq daha da intensiv aparılsın və bu sahədə Polşa-Azərbaycan əlaqələrinin çox mühüm yeri vardır.
Regional təhlükəsizlik məsələlərinə toxunan prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və danışıqların indiki vəziyyəti haqqında danışıb: "Bir daha demək istəyirəm ki, bu münaqişə bölgə üçün ən böyük təhlükədir, ən böyük ədalətsizlikdir. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü uzun illərdir ki, Ermənistan tərəfindən pozulub, torpaqlarımızın 20 faizi işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq azərbaycanlı öz doğma torpağından didərgin düşərək qaçqın-köçkün həyatı yaşayır. Məsələ ilə bağlı beynəlxalq təşkilatlar öz mövqelərini bildiriblər. BMT, Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT qətnamələr və qərarlar qəbul etmişlər. Yəni bu qərar və qətnamələr məsələnin həlli üçün hüquqi bazanı yaradır.
Əlbəttə, məsələnin beynəlxalq hüquq normaları əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində tezliklə həll olunması bölgəyə sülh gətirəcək, əməkdaşlıq gətirəcək və belə olan halda, bölgədə bütün proseslər daha da sürətlə və müsbət istiqamətdə inkişaf edəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB