Vüqar Rəhimzadə: “Ötən iyirmi il “İki sahil” qəzeti üçün çox uğurlu olub”

Vüqar Rəhimzadə: “Ötən iyirmi il “İki sahil” qəzeti üçün çox uğurlu olub”

\"Ötən iyirmi il "İki sahil" qəzeti üçün çox uğurlu olub. 20 illik tarixi dövrdə \"İki sahil\" qəzeti qazandığı uğurlarla kifayətlənməyərək daha səylə çalışır, dövrün mətbuatın qarşısına qoyduğu tələblərə yüksək səviyyədə cavab verməyə səy göstərir\". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü, \"İki sahil\" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. Onun sözlərinə görə, ötən 20 illik fəaliyyəti ərzində \"İki Sahil\" qəzetinin zəngin yaradıcılıq, peşəkarlıq qabiliyyətinə malik olan kollektivi Azərbaycan dövlətinə və xalqına daim sevgi və sədaqətlə xidmət göstərdiyini açıq nümayiş etdirib. O, qeyd edib ki, qəzet öz fəaliyyətində azərbaycançılıq, türkçülük, müasirlik ideyalarının müvəffəqiyyətlə təbliğ olunmasına müxtəlif dövlətin tərkibində yaşayan azərbaycanlıların problemlərinin işıqlandırılmasına, milli birliyin və vəhdətin yaranmasına xidmət edib: "Dövlətçiliyə xidməti fəaliyyətini öndə saxlayan mətbuat orqanı olaraq əldə edilən uğurlarımız dövlətimizin 20 illik müstəqillik tarixi ilə bağlıdır. Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20 ili qeyd olunacaq. Qəzetimizin 20 illik inkişaf yolunu təhlil edərkən Azərbaycanın ötən müstəqillik tarixində qazandığı uğurları da təhlil etməyə böyük ehtiyac duyulur. "İki sahil" qəzeti yarandığı gündən KİV-in qarşısında duran əsas vəzifələri yerinə yetirməkdədir. Qəzetin kollektivi söz və mətbuat azadlığının verdiyi imkanlardan sui-istifadə etməyi heç vaxt özünə rəva bilməyib. "İki sahil"in keçdiyi yol dövlət müstəqilliyinin tarixidir. Mətbuat bu gün öz mütərəqqi ənənələrini davam etdirməli, cəmiyyətdəki problemləri və nöqsanları ictimai müzakirəyə çıxarmalı, demokratik proseslərin fəal iştirakçısı olmalıdır. Biz həmişə yeni, müasir Azərbaycanın qurucularının önündə getdiyimiz kimi, bundan sonra da öz qələmimizlə ölkəmizin daha da inkişafına, iqtisadi qüdrətinin artmasına xidmət edəcəyik".

Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, hakimiyyətə hərislikləri ucbatından mətbuatın böyük faciələrlə üz-üzə qaldığını deyən V. Rəhimzadə bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Əliyev azad mətbuatın inkişafına xüsusi diqqət göstərdi: " Ulu öndər söz, mətbuat azadlığının inkişafına əngəl olan süni maneələrin aradan qaldırılması istiqamətində ciddi addımlar atdı. Bunun üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi. Vətəndaş cəmiyyətinin quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-nin rolunun artırılması başlıca məqsəd kimi qarşıya qoyuldu. 1998-ci ildə senzuranın aradan qaldırılması Azərbaycan milli mətbuat tarixində önəmli hadisə idi. 1999-cu ildə KİV haqqında çox mütərəqqi qanunun qəbul olunması, 2001-ci ildə bu qanuna əlavə və dəyişikliklərin edilməsi mətbuat sisteminin inkişafı üçün çox uğurlu addım olub. Eyni zamanda Yeni Azərbaycan Partiyasının yarandığı bir dövrlərdə partiyanın təşkilatlanmasında, regionlarda keçirilən təsis konfranslarının işıqlandırılmasında qəzetimiz bir mətbuat orqanı olaraq çox uğurlu fəaliyyət göstərib".

Baş redaktor həmçinin bildirib ki, 2005-ci ildə Azərbaycan mətbuatının 130 illiyində Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla mətbuat işçilərinin dövlətin ali mükafatları ilə təltif olunması da çox uğurlu hal idi: "KİV-ə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması Azərbaycan mətbuat tarixində çox önəmli hadisədir. Bu fond 2009-cu ildən fəaliyyət göstərir və bir çox uğurlu layihələr reallaşdırır. Bu layihələr həm redaksiyaların maddi-texniki bazasının yaxşılaşdırılmasına, həm də əməkdaşların peşəkarlığının artırılmasına xidmət göstərir. Fondun yaradılması jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı da çox uğurlu addım idi. Eyni zamanda Mətbuat Şurasının yeni binaya köçməsi, açılış mərasimində Azərbaycan Prezidentinin iştirakı və MŞ idarə heyətinin üzvləri ilə görüşü, söhbətləri, həmin görüşdən bir neçə saat sonra jurnalistlərin mənzil şəraitinin yaxşılaşdrılması ilə bağlı sərəncamın imzalanması dünyada analoqu olmayan hadisədir və mətbuata göstərilən diqqət və qayğının bariz nümunəsidir".

Qeyd edək ki, \"İki sahil\" qəzeti 1991-ci ilin 10 iyul tarixində oxuculara təqdim olunub. Bu qəzet çoxtirajlı \"Zavod həyatı\" qəzetinin bazasında yaradılıb. \"İki sahil\"in səhifələrində xalqımızın Araz dərdindən, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın, bacı-qardaşlarımızın o taylı, bu taylı problemlərindən, onların yaşayışından ətraflı materiallar dərc olunub. İlk nömrədə \"Yurdumuzun ulu daşları\" silsiləsindən \"Xudafərin körpüləri\", \"\"Təbriz\" səndən gileyim var?\" kimi yazılar dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə