Ermənilərin oğurluq faktlarına qarşı etiraz məktubu hazırlanaraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatına təqdim ediləcək
Azərbaycan Müəllif Hüquqları Agentliyi (MHA) ermənilərin "Eurovision-2011" müsabiqəsində ifa etdikləri musiqinin Azərbaycanın "Köçəri" milli rəqsindən oğurlanma olması, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyası əsasında çəkilmiş eyni adlı filmdəki hamam səhnəsində ifa olunan mahnının və "Naz eləmə" milli rəqsimizi oğurlayaraq öz sözləri ilə ifa etməsilə bağlı etiraz məktubu hazırlayaraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatına təqdim edəcək. Bu barədə SİA-ya açıqlamasında MHA-nin hüquq şöbəsinin müdiri Xudayət Həsənli məlumat verib. O bildirib ki, hər zaman oğurluq faktı ilə bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatına rəsmi qaydada məlumatlar göndərilir.
"Ermənilər neçə illərdir ki, bizim əsərləri oğurlayırlar. Hər bir fakt barədə biz bu təşkilata rəsmi etirazımızı bildiririk. Çünki bu təşkilat hökumətlərarası təşkilatdır, həm Azərbaycan, həm də Ermənistan bu təşkilatın üzvüdür. Bu fakt barədə də bir dövlət qurumu olaraq öz rəsmi etirazımızı bildirəcəyik. Təbii ki, bu tədbirlərin görülməsi elə də ağlabatan deyil. Çünki ermənilərə təsir etmək mümkün deyil. Amma hər halda bizim istəyimiz ondan ibarətdir ki, həmin əsərlərin Azərbaycana məxsus olduğu təsdiq olunsun və rəsmi qaydada bildirilsin. Bu faktlarla bağlı araşdırma aparılıb, artıq yekunlaşıb və məktub hazırlanır. Beynəlxalq struktura sənəd təqdim etdikdə bu adi sözlə olmaz, gərək onu əsaslandırasan və sübutları oraya əlavə edəsən. Biz indi artıq o sübutları toplayırıq, təsdiqdən sonra rəsmi qaydada beynəlxalq təşkilata təqdim edəcəyik", - deyə o əlavə edib.
X.Həsənli qeyd edib ki, bu vaxta qədər oğurlanan əsərlərin sayı-hesabı yoxdur. Onun sözlərinə görə, bütün bunlar agentliyin sədri Kamran İmanovun "Erməni yadelli nağılları" adlı kitabında öz əksini tapıb: "Burada bütün faktlar, uzun illərdən bəri hansı əsərlərin oğurlanması, onların kimin adından getməsi göstərilib. Bu faktlar adi sözlə yox, Ermənistan yazıçılarının, alimlərinin, tədqiqatçılarının özlərinin elmi əsərlərindəki mənbələrdən götürülb və konkret mənbə, tarix göstərilib. Bu kitabda bütün məlumatlar var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB