2 aprel aksiyası ilə bağlı həbs olunan dörd nəfərin cinayət işinin istintaqı başa çatıb

2 aprel aksiyası ilə bağlı həbs olunan dörd nəfərin cinayət işinin istintaqı başa çatıb

İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən daha bir qrup şəxsin istintaqı yekunlaşıb. Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ramiz Rzayev deyib. Onun sözlərinə görə, istintaqı başa çatanlar Elnur Məcidli, Rüfət Hacıbəyli, Ülvü Quliyev və Əhəd Məmmədlidir: "2 aprel aksiyası ilə təqsirləndirilən digər 4 nəfər - Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlının işi üzrə isə istintaq tədbirləri davam etdirilir".

Aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə, Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl 2 aprel aksiyası ilə bağlı təqsirləndirilənlərdən 6 nəfər barəsində cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. Onlar Sahib Kərimov, Babək Həsənov, Zülfüqar Eyvazov, Elşən Həsənov, Arif Alışlı və Elnur İsrafilovdur. Adıçəkilən şəxslərin məhkəməsi iyulun 13-də başlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə